Dövlət Orkestrinin keçmiş rəhbərinə 11 il cəza verildi

Dövlət Orkestrinin keçmiş rəhbərinə 11 il cəza verildi
Oxunma sayı: 3219

Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin bədii rəhbəri Lütfi Qədirovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq orkestr rəhbəri 11 il müddətinə azadlıqdan məhrum edilib. Mədəniyyət Nazirliyi tərəfindən ona qarşı qaldırılan 355 min manatlıq mülki iddia da təmin edilib.

Lütfi Qədirovla birlikdə təqsirləndirilən orkestrin təsərrüfat işləri üzrə müdiri olmuş Nəzakət Zairova isə şərti cəza alıb.

Qeyd edək ki, Lütfi Qədirov 2020-ci ilin iyulunda Baş Prokurorluğun əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 311.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham olunub.

Rəsmi ittihama görə, L.Qədirovun 2010-2020-ci illərdə Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar tabeçiliyində olan əməkdaşlara ümumi himayədarlıq və laqeydlik müqabilində onlardan külli miqdarda rüşvət almasına dair kifayət qədər dəlillər aşkar edilib. Onun Orkestrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərən ayrı-ayrı şəxslərə 2017-2020-ci illərdə işə gəlməyərək əmək funksiyalarını yerinə yetirməmələrinə baxmayaraq, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməyib xidmət illəri üzrə əmək stajının hesablanması müqabilində əməkdaşların hər biri üçün kart hesablarına köçürülmüş əmək haqqının 85-90 faiz həcmini təşkil edən ümumilikdə 54 min manatdan artıq məbləğdə pul vəsaitini özü və qabaqcadan əlbir olduğu şəxslər üçün rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Amin Nəzərli