Dövlət qulluqçularının Peşə Bayramı Neftçalada qeyd olundu - Fotolar

dovlet-qulluqcularinin-pese-bayrami-neftcalada-qeyd-olundu
Oxunma sayı: 748

Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Hər il olduğu kimi bu il də Neftçala rayonunda Dövlət qulluqçularının peşə bayramı qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsi və şəhidlərin şərəfinə ucaldılmış xatirə kompleksi ziyarət olunub, tər gül dəstələri düzülüb, əziz xatirələri ehtiramla yad olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, digər idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və ağsaqqallar iştirak edib.

İlk öncə dövlət himni səslənib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Neftçala  RİH başçısı Mirhəsən Seyidov bildirib ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.

Tədbirin sonunda Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup şəxs “Fəxri Fərman”larla təltif olunublar.