“Texnologiyanın sürətli inkişafı dövründə kibertəhlükələr getdikcə daha mürəkkəb və geniş vüsət alır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisi general-mayor Azər Əhədov Dövlət Qurumlarının IT Rəhbərlərinin IV Zirvə Toplantısında deyib.
A.Əhədov qeyd edib ki, dövlət qurumlarına, özəl şirkətlərə və hətta ayrı-ayrı şəxslərə kiberhücumların sayının artdığını görürük: “Bu vəziyyətdə, dövlətdən biznesə və vətəndaş cəmiyyətinə etibarlı və təhlükəsiz rəqəmsal ekosistemi yaratmaq üçün qüvvələrimizi birləşdirməliyik. Kibertəhlükələr haqqında dövlət qurumları, media subyektlərinin nümayəndələri və ictimaiyyətin məlumatlılığının artırılması məsələsi də eyni dərəcədə önəmlidir. Hər birimiz rəqəmsal dünyada hansı risklərin mövcud olduğunu, özümüzü və məlumatlarımızı necə qoruya biləcəyimizi başa düşməliyik. İlk növbədə dövlət qurumlarının kibersavadlılığının artırılması uğurlu hücumların sayını əhəmiyyətli dərəcədə azaltmağa və ümumi təhlükəsizliyi gücləndirməyə kömək edəcək”.
General-mayor vurğulayıb ki, ötən il Dövlət Xidməti ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında imzalanan Anlaşma Memorandumuna əsasən “KiberDiplomatiya” üzrə Beynəlxalq Konfransın regional təmsilçiliyi ekskluziv olaraq Xidmətə verilib: “Sentyabrın 25-də “KiberDiplomatiya” üzrə Beynəlxalq Konfransın Azərbaycanda keçirilməsi qərara alınıb. Belə tədbirin region olaraq ilk dəfə Azərbaycanda keçirilməsi və ölkəmizi regional mərkəzə çevirməsi strateji əhəmiyyətə malikdir”.
Zaur Mirzə
Son xəbərlər
Son Xəbərlər