Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Dövlət qurumlarının İT rəhbərlərinin III Zirvə Toplantısı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyətinin təcrübə mübadiləsinə cəlb edilməsi və qurumlararası kommunikasiyanın gücləndirilməsi məqsədilə mütəmadi şəkildə XRİTDX tərəfindən təşkil edilib.
Tədbirdə 73 dövlət qurumundan 100-dən artıq nümayəndə iştirak edib.
***
Zirvə Toplantısını giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor Allahverən İsmayılov iştirakçıları salamlayaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin 1997-ci ilin 2 fevral tarixində imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. O, bununla əlaqədar Zirvə Toplantısında iştirak edən gəncləri təbrik edib.
A.İsmayılov çıxışında bu Zirvə Toplantısının dövlət qurumlarının informasiya təhlükəsizliyinin gücləndirilməsinə, xüsusilə də kritik infrastrukturların təhlükəsizliyi məsələlərinin müzakirəsinə, eləcə də bu il fevralın 7-si Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri dövründə dövlət informasiya sistemlərinin və ehtiyatlarının informasiya təhlükəsizliyinə təhdidlərin birgə qiymətləndirilməsinə həsr olunduğunu vurğulayıb.
***
Prezident Administrasiyasının əməkdaşı Elmir Vəlizadə bildirib ki, artıq üçüncü dəfədir, belə bir sammit keçirilir. İnformasiya Təhlükəsizliyi sahəsində bütün qurumların məsul şəxslərinin iştirakı ilə keçirilən belə tədbirlərin çox mühüm əhəmiyyəti var.
O qeyd edib ki, ötən il Azərbaycan üçün əlamətdar bir çox hadisələr olub: “Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu, çox önəmli hadisədir. Eləcə də kibertəhlükəsizlik sahəsində uğurlu il olub. Cari il üçün qarşıda duran vəzifələr çoxdur, strategiyada hədəflər, tədbirlər planı tərtib edilib. Hazırda qarşıda duran vəzifə bu tədbirlər planından irəli gələn addımları layiqincə yerinə yetirməkdir. Nazirlər Kabineti tərəfindən İşçi Qrup yaradılıb və aidiyyəti qurumlar arasında kommunikasiya düzgün təşkil edilib. Düşünürük ki, milli strategiya uğurla həyata keçiriləcək”.
E.Vəlizadə onu da əlavə edib ki, qarşıdan gələn prezident seçkiləri ilə bağlı informasiya təhlükəsizliyi sahəsində çalışan hər bir qurum özündə mövcud olan informasiya sistemlərinin möhkəmliyinin yüksək səviyyədə olduğuna əmin olsun: “Bu istiqamətdə bütün qurumlara uğurlar diləyirəm. Ümid edirəm ki, növbəti sammitlərdə biz ölkəmizin təkcə milli məkanda deyil, eləcə də milli məkandan kənara çıxacaq layihələrindən danışaq. Tədbirin ikinci hissəsində biz bu barədə daha geniş və ətraflı müzakirələr aparacağıq”.
***
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib: “Dövlət qurumlarının informasiya təhlükəsizliyini təmin etmək üçün təhlükəsiz şəbəkə ilə təmin etmişik. Tərəfimizdən dövlət qurumlarının saytlarına 911 milyon 430 min zərərli keçidlər bloklanıb”.
Onun sözlərinə görə, 7 milyon 122 min 200 zərərverici də son istifadə hallarında bloklanıb: “Onların bir qismi xüsusi hədəflənmiş zərərvericilər olub. Zərərli faylların analizi sistemi vasitəsilə son 1 il ərzində 1 milyon 103 min 650 zərərli fayl aşkarlanıb. Son istifadəçilərin bu faylları endirib istifadəsinin qarşısı alınıb”.
T. Məmmədov qeyd edib ki, cari ildən yeni “Anti DOS” sisteminin tətbiqinə başlanılacaq: “Bu sistem dövlət qurumlarının kiberhücumlara qarşı daha təkmil qorunmasına xidmət edəcək”.
İdarə rəisi bildirib ki, növbəti aydan yeni elektron poçt sistemi istifadəyə veriləcək.
Onun sözlərinə görə, domino sistemi üzrə qurulmuş yeni sistem bir çox əlavə xidmətlər təqdim etməyə imkan verəcək: “İlk Azəbaycandilli interfeysi mövcud olacaq. Dövlət qurumlarının son istifadəçilərinin mühafizəsi üçün mərkəzləşdirilmiş XDR həlli təqdim olunacaq. Bu ildən toplu SMS xidməti aktiv olacaq”.
T.Məmmədov, həmçinin bu il Azərbaycanda ilk dəfə kiberdiplomatiya konfransının keçiriləcəyini açıqlayıb: “2024-cü ilin sentyabr ayında ilk dəfə kiberdiplomatiya konfransı keçiriləcək. Bu tədbir Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə imzalanmış Anlaşma Memorandumu əsasında birgə keçirilir. Bu, nəinki Azərbaycanda, həmçinin regionda ilk belə tədbir olacaq. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanı kiberdiplomatların toplaşdığı əsas mərkəz olaraq formalaşdırmaqdır”.
Tural Məmmədov bildirib ki, 2023-cü il ərzində dövlət qurumlarının informasiya sistemlərində çoxsaylı audit aparılıb və 697 nöqsan aşkarlanıb. Ötən il bu rəqəm 597 olub və builki göstərici ötən illə müqayisədə 20 faiz çoxdur.
Onun sözlərinə görə, bu rəqəm dövlət informasiya sistemlərində tapılan boşluqlar əsasında yazılan hesablar, sızmış məlumatlar əsasında müəyyən olunan çatışmazlıqların hesabat sayıdır: “Ötən illə müqayisədə insidentlərin sayı çox deyil. İllik açılan sorğu sayı 7081 olub. Onun da 6649-u emal olunaraq bağlanıb.
İndikatorlarla dövlət qurumlarından daxil olan insidentləri araşdırırıq və zəruri indikatorlar bloklanır. İl ərzində statistikaya baxsaq, dövlət qurumlarının müəyyən dövrlərdəki aktivliyini də müəyyənləşdirmək olar. İllik nəticəyə əsasən, tərəfimizdən aparılan monitorinq nəticəsində 517 kiberhücum indikatoruna, qurumların təqdim etdiyi insidentlərin araşdırılması nəticəsində isə 674 xüsusi kiberhücum indikatoru müəyyən edilərək bloklanıb. Bu da yüzlərlə kiberhücumun qarşısının alınması deməkdir. Dövlət qurumlarına diqqətli olmalarını və ən kiçik anomaliya halları zamanı dərhal bizə məlumat vermələrini tövsiyə edirik”.
***
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov jurnalistlərə açıqlamasında bildirib: “7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bununla bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində İşçi Qrup yaradılıb”.
O qeyd edib ki, bu İşçi Qrupa Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə yanaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mərkəzi Seçki Komissiyası və bir çox özəl qurumlar daxildir: “İşçi Qrupun yaradıldığı ilk gündən tədbirlər planı təsdiqlənib və işimizi qurmuşuq. Qısa müddət ərzində 6 mindən çox məntəqə dayanıqlı internetlə təmin olunub. Həmçinin 1000-dən çox məntəqədə kameralar quraşdılıb. Bu seçkilərdə tətbiq olunan texnologiya qurğularından biz qarşıdan gələn onillikdə olan seçkilərdə də istifadə edəcəyik.
Dünən MSK-da XRİTDX rəisi, rəqəmsal inkişaf və nəqliyyat naziri və MSK sədri ilə görüş keçirilib və seçkiyə hazırlıqla bağlı geniş müzakirə aparılıb. Biz növbədənkənar prezident seçkilərinə tam hazırıq”.
Gülnar Əliyeva




