Dövlət Sosial Müdafiə Fondu yanvar-iyul aylarına olan gəlirini açıqlayıb

dovlet-sosial-mudafie-fondu-yanvar-iyul-aylarina-olan-gelirini-aciqlayib
Oxunma sayı: 659

Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 14,6 faiz və ya 100,1 mln. manat artaraq 785,0 mln. manat təşkil edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 58,9 faizi və ya 462,3 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 17,2 faiz və ya 67,9 mln. manat artmış, proqnoz isə 108,5 faiz icra olunub.

Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 11,8 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 17,8 faiz artıb.
2012-ci ilin yanvar-iyul aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 322,7 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,1 faiz və ya 32,2 mln. manat artıb.

Cari ilin yanvar-iyul aylarında Fondun xərcləri 1421,7 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1395,5 mln. manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 361,1 mln. manat və ya 34,9 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 36,0 faiz və ya 360,4 mln. manat artaraq 1362,9 mln. manat təşkil edib.

2012-ci ilin yanvar-iyul aylarında əhaliyə 32,6 mln. manat məbləğində müavinət ödənilib.
Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 26,2 mln. manat təşkil etmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 1,0 mln. manat və ya 3,9 faiz çoxdur.