“Dövlət təşkilatları olsa da, idarəetmə sistemlərində dəyişiklik etməlidirlər”

dovlet-teskilatlari-olsa-da-idareetme-sistemlerinde-deyisiklik-etmelidirler
Oxunma sayı: 5748

Prezident İlham Əliyev ötən günlərdə ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirdi. Həmin müşavirədə dövlət başçısı bir sıra dövlət şirkətləri ilə bağlı iradlarını qeyd edib.

Həmin çıxışdan sonra isə bir sıra dövlət şirkətləri ölkə başçısının çıxışından irəli gələn vəzifələri müzakirə etmək məqsədilə iclas keçirib. Belə ki, dövlət neft şirkəti SOCAR və “Azərbaycan Dəmir Yolları” QSC (ADY) prezidentin səsləndirdiyi fikirlərdən irəli gələn məsələləri müzakirə edərək haqlı iradları qəbul edib və məsələlərin operativ həlli üçün addımlar atmağa başlayıblar.

"Qafqazinfo" xəbər verir ki, Milli Məclisin deputatı Azər Badamov bildirib ki, SOCAR və ADY prezidentin tənqidlərinə operativ reaksiya verib: 

“Dövlət şirkətləri dövlət investisiyalarından yararlandığı kimi həm də öz fəaliyyətlərini rentabelli şəkildə qurmalıdırlar. Onlar dövlət təşkilatları olsa da, gəlir əldə etməli, idarəetmə sistemlərində dəyişiklik etməlidirlər. İrad bildirilmiş şirkət rəhbərlərinin bu istiqamətdə atdığı addımlar göstərir ki, cənab prezidentin sözü onları daha çox məsuliyyətli edib və onlar bu məsələyə daha məsuliyyətli yanaşıblar. Belə ki, SOACR və ADY kollegiya iclası keçirərək yenidən öz fəaliyyətlərinə baxış keçiriblər”.

Millət vəkili qeyd edir ki, bu müzakirələrin keçirilməsi önəmlidir: “Öz fəaliyyətlərini qura bilməyən şirkətlər təftiş olunacaq və səsələndirilən iradlardan nəticə çıxarmayan şirkət rəhbərləri müəyyən olunacaq. Dövlətə xidmət hər şirkət rəhbəri üçün önəmli olmalıdır və onlar öz fəaliyyətlərini bu istiqamətdə qurmalıdırlar”.