Dövlət Xidmətinin əməkdaşları ANAMA-nın təlimində iştirak edib

dovlet-xidmetinin-emekdaslari-anama-nin-teliminde-istirak-edib
Oxunma sayı: 1617

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Göygöl Regional Təlim Bazasında mina və partlamamış hərbi sursatların təhlükəsindən qorunma ilə bağlı təlim kursunda iştirak ediblər.

“Qafqazinfo” xəbər verir ki, təlim kursuna Dövlət Xidmətinin Salyan və Şabran regional idarələrinin əməkdaşları da qatılıb.

Təlimin təşkil olunması işğaldan azad olunmuş ərazilərdə yerləşən tarixi abidələrin monitorinqi, inventarlaşdırılması və mühafizə tədbirləri zamanı mina və partlamamış hərbi sursatlardan qorunma ilə bağlı maarifləndirmə və təlimatlandırma məqsədi daşıyır.

Tədbirdə ANAMA-nın məsul əməkdaşları tərəfindən iştirakçılara mina və partlayıcı sursatlar, partlamamış sursatlar, minalanmış ərazi və təhlükəsizlik nişanları barəsində geniş məlumat verilib, hər bir mövzuya uyğun olaraq təqdimatlar nümayiş olunub.

Təlimdə minanın piyada əleyhinə və tank əleyhinə kimi növləri, formaları, partlayıcı sursatların ümumi əlamətləri, təhlükəsizlik nişanlarının mənası və əhəmiyyəti, minalanmış ərazinin relyefinin xüsusiyyətləri haqqında ətraflı məlumat verilib.

Tədbirin sonunda təlim iştirakçılarına ANAMA tərəfindən hazırlanan işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təhlükəsinə dair fərdi təlimat kitabçası təqdim olunub.