Səbail Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi, rayondakı idarə və təşkilatlarının, ictimaiyyətin, veteranların, gənclərin nümayəndələrinin və çağırışçiların iştirakı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5 illiyinə həsr olunmuş tədbir keçirilib.
İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev çıxış edib. O, bildirib ki, keçən müddət ərzində xidmət və onun rayon İdarəsi tərəfindən xeyli iş görülüb, əməkdaşlar üzərilərinə düşən mühüm və məsuliyətli vəzifələrin öhdəsindən layiqincə gəliblər.
Toplantıda çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Səbail Rayon İdarəsinin rəisi, polkovnik Polad İbrahimov keçən 5 il ərzində Dövlət Xidməti və onun Səbail Rayon İdarəsi tərəfindən görülən işlər barədə məlumat verib. Bildirib ki, idarə öz işini rayonda fəaliyyət göstərən təşkilat və müəssisələrlə sıx əlaqədə qurub, xüsusilə rayonun orta təhsil müəssisələri, yerli özünüidarə orqanları, veteran və gənclər təşkilatları ilə birgə yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin, onların silahlı qüvvələrdə xidmətə hazırlığı məsələlərinin möhkəmləndirilməsi, çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının aparılması işlərinə xüsusi diqqət yetirilib.
Tədbirin sonunda yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi işlərində fərqlənmiş bir qrup müharibə veteranı, ictimaiyyət nümayəndəsi və pedaqoji işçi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Səbail Rayon İdarəsinin Fəxri Fərmanları ilə təltif ediliblər.
Son xəbərlər
Son Xəbərlər