“7 fevral prezident seçkiləri yeni dövrün başlanğıcı oldu. Seçkilərdə xalqın 92,12 faiz səsini qazanaraq Prezident seçilən İlham Əliyevin fevralın 14-də Milli Məclisdə andiçmə mərasimi keçirildi. Bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlindən gələni əsirgəməyəcəyəni bildirən dövlət başçısı son 20 ildən artıq dövrdə Azərbaycan xalqının dəstəyi ilə görülən işlərdən, qazanılan uğurlardan, qələbələrdən geniş bəhs etdi”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M. Həsənov bildirib ki, dövlət başçısı yeni dövrün hədəflərini açıqladı:
“Həmişə olduğu kimi bu gün də hərbi gücümüzün artırılması prioritetdir. Bu gün istər sənaye inkişafı, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf böyük əhəmiyyət daşıyır. İkinci Qarabağ müharibəsi, həmçinin bir günlük antiterror əməliyyatı zamanı bunu hər kəs gördü. Təbii ki, Qələbəmizin əsas amili Azərbaycan döyüşçüsüdür. Düşməni məhv edən və Bayrağı azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Ancaq texniki vasitələr az rol oynamır. Ölkəmiz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxdı. Cənab İlham Əliyev nitqində bu çağırışı da səsləndirdi ki, yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ gündəlikdə durmur. Xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir”.
“Qazanılan uğurlar, zəfərlər, həmçinin müəyyənləşdirilən yeni hədəflər bu reallığı təsdiqləyir ki, Azərbaycan daim irəli baxır. Hər bir hədəfə zamanında nail olur. İrəli sürdüyü təşəbbüslər beynəlxalq dəstək qazanır. Hər bir enerji layihəsinin uğurlu sonluqla başa çatması əməkdaşlığın coğrafiyasının genişləndirilməsində əhəmiyyətli rol oynayır. Avropa ilə Asiyanın qovuşağında yerləşən Azərbaycan nüxtəlif mədəniyyətləri, dinləri bir araya gətirir, dostluq körpüsü yaradır. Azərbaycan daim ənənələri olan ölkə kimi dəyərləndirilir.İlham Əliyev andiçmə mərasimindəki nitqində bir daha bu çağırışı etdi:
“Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun”. Bunun üçün bütün cəmiyyətin həmrəy olması vacib amildir. Bu gün belə bir həmrəyliyin şahidiyik. Prezident İlham Əliyev 7 fevral prezident seçkilərinin fonunda bu məqamı xüsusi qeyd etdi ki, seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz”, - deyə millət vəkili vurğulayıb.
Malik Həsənov hər bir çağırışın güclü Azərbaycanın qarşısında geniş imkanlar açdığını bildirib:
“Cənab İlham Əliyevin qeyd etdiyi kimi, yeni dövrə alnı açıq, üzü ağ qədəm qoyuruq. Yeni dövr uğurla başlayır, uğurla da davam edəcək”.
Son xəbərlər
Son Xəbərlər