DSX və DYP elektron məhkəmə qərarını qəbul etmir?

DSX və DYP elektron məhkəmə qərarını qəbul etmir?
Oxunma sayı: 1580

Türkiyənin “2K Hədəf” adlı beynəlxalq karqo şirkətinə məxsus və üzərinə həbs qoyulan yük maşını məhkəmə qərarından sonra da sahibinə qaytarılmır.

Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bir müddət öncə adıçəkilən şirkətə məxsus TIR qəza törədib və günah bu maşında olub. Buna görə də məhkəmənin elektron qərarı ilə avtomobilə və onun qoşqusu üzərinə iddianın təmini qaydasında həbs qoyulub, avtomobilin və onun qoşqusunun xüsusi mühafizə olunan dayanacağa yerləşdirilməsi qərara alınıb. Avtomobil Balakən rayonu ərazisindəki Mazımçay sərhəd keçid məntəqəsindən ölkəyə daxil olarkən saxlanılıb: “Həmin qərardan apelyasiya şikayəti verdim və şikayətimə baxılanda iddia tələbi məbləğində pulu (təxminən 40 min dollar) məhkəmənin depozit hesabına yatırdım. Apelyasiya məhkəməsi iddiaçının razılıq ərizəsini və depozitə pul qoyulmasını nəzərə alıb rayon məhkəməsinin qərardadını ləğv etdi.

Bəla bundan sonra başlandı desəm, yalan olmaz. Məhkəmə qərarı elektron imzalanıb. İndi nə maşını saxlamış Dövlət Sərhəd Xidməti avtomobili buraxır, nə də Dövlət Yol Polisi avtomobil üzərindən həbsi götürür. Arqumentləri də odur ki, bizə möhürlü qərar gətirin. Necə olur ki, elektron imzalanmış qərardadla həbs qoyursunuz, amma həbsi götürmürsünüz?”

Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Rüfət Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, vətəndaşlar bu cür hallarla qarşılaşan zaman öncə Qaynar Xəttə müraciət etməli və ya rəsmi qaydada rəhbər orqanlara şikayət etməlidirlər: “Biz bu məsələni araşdıracağıq və nəticəyə uyğun olaraq lazımi qaydada tədbir görüləcək”.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi