Dubaya “quş baxışı” - Fotolar

dubaya-qus-baxisi
Oxunma sayı: 5824

Son vaxtlar ispanca danışan görəndə, söhbətlərinə qulaq asanda özümü xoşbəxt hiss edirəm. Tələsik danışırlar və bu, hər gün bir az da çevik yumrulanan dünyada tələsik görülən işlər mənə xoşbəxtlik verir. Çağdaş insan düşünüb daşınanda ağlına müsibət fikirlər gəlir. Məsələn: “dünya əhalisi artır, bunun qarşısını almaq lazımdır”.  

İspanlar danışanda gələcəyə ümid çoxalır, elə bilirəm, qarşıda bizi xoş günlər gözləyir. Həm də tələsik danışan insanlar, düşünürəm, kinsiz olur, tez dalaşıb barışırlar. Sanki ispanlar savaşanda bir-birinə ən pis halda şillə vurur, axı şillə xəsarət yox, cəzadır.

Yüz ölçüb bir biçənlərin idarə etdiyi dünya isə budur; Qəzza, Ukrayna və s. 

Dildən boşuna söz salmadım, bir  neçə gün qabaq Əbu-Dabiyə uçurduq, təyyarə Bakıdan havalananda hər şey qaydasında idi. Təkərlər yerdən qopan an arxadan kimsə ərəbcə danışdı. Elə bildim nəsə olacaq. Hər şey qaydasında ikən eşitdiyim bir-iki ərəbcə kəlmə məni təlatümə saldı. Bəlkə, hansısa ərəb övladını əzizləyirdi. Ancaq, elə bildim, ya nəsə baş  verib, ya da baş verəcək. Ya harasa partlayacaq, ya da indicə al-qan içində bir uşağı atası qucağına basıb ağlayacaq. Heç nə baş verməsə də, hər ehtimala mən də ərəbcə bir neçə kəlmə pıçıldadım.

İntəhasız suların üstü ilə uçduqca anladım ki, bu dünyanın ən gözəl yeri nə Londondur, nə də Şri-Lanka! Heç Bakı da deyil.

Dünyanın ən gözəl yeri okeanlardır. Okeanlar dünyanı yüzlərlə müharibədən qoruyub. Əgər okeanların yerində torpaq olsaydı, onların uğrunda da savaşlar yaranacaqdı. Bəlkə də, okeanlar olmasaydı, bu gün dünya müharibələrinin sayəsində ən iyrənc rum rəqəmlərinə çevrilmş I, II sayları XI, XII olacaqdı. Okeanlar gözəldi. Nəhəngdi, amma durğun və mehribandır. Bizimlə dalaşmır. Köksündə kainatın ən nəhəng  canlısını bəsləyir. Biz isə bir balina gözü boyda torpağa görə onlarla körpəni gözüyaşlı qoyuruq.

Okeanlar gözəldir. Qurban olaram onlara...

Ümumiyyətlə, intəhasızlıq, insansızlıq möhtərəmdir. Boşluğun əzizliyini bir dəfə Bakıda da hiss etmişəm. Maşını qırmızı işıqda saxlayıb telefona baxırdım. Bir də gördüm, yaşıl işıq yanıb, tərpəndim və mənə siqnal vermədiyi üçün içimdən arxadakı sürücülərə təşəkkür etmək keçdi. Güzgüdən arxaya baxanda arxada heç kəsin olmadığını gördüm. Boş yolu sevdim. Nə qədər gözəl və səbrli idi.

Təyyarədə sənədli filmə baxıram: “Çin tərzi modernizasiya”.

Səmasını süni buludlardan təmizləyə bilmiş Çin haqda film.

Olduqca pozitiv notlar ətrafımı bürüyür. Təyyarənin pəncərəsindən altımızda qalan İrana baxıram. İran səmaları təmizdir. Ara-sıra tombul buludlar gözə dəyir. 
Filmdə səmanın çirkdən təmizlənməsini əyani göstərmək üçün bir asudə vətəndaşın fotolarından istifadə olunub. Həmin vətəndaş bikardı və hər səhər pəncərəsindən şəhərin şəklini çəkib. Aylar sonra fotoları analiz edəndə görüb ki, ilk günlər çəkilən şəkillərdən fərqli olaraq, son şəkillərdə şəhərin ucqarlarındakı göydələnlər də görünür. Sonra göydələnlər səmadakı süni dumana nizə kimi sancılmaqdan əl çəkir, asta-asta aydınlığa çıxır. Sən demə, çinli vətəndaş asudə-asudə eyni fotoları çəkəndə çinli mütəxəssislər onun perspektivi üçün çalışıb və gün gəlib, Çinin daha bir şəhərinin səmaları qara buludlardan təmizlənib.

Əvvəlcə bu ssenarinin qurama olduğunu düşündüm. Bir insan nə qədər asudə olmalıdır ki, hər səhər eyni prizmadan şəhəri çəksin. Sonra Vim Vendersin yeni filmi yadıma düşür: yapon tualet təmizləyənin gündəlik həyatından bəhs edən “Perfect days” filmi... Orada da qəhrəman hər səhər eyni işləri yeni ehtirasla görür və hətta o da eyni nöqtədən təkrar şəkillər çəkir, toplayır. “Bu qıyıqgözlülərdən nə desən çıxar”, - deyib gözlərimi qıyıram və təyyarənin unitaz qapağına bənzər pəncərəsindən təkrar aşağı baxanda düşünürəm ki, axı təkrar-təkrar eyni işi görmək təkcə asudəlik əlaməti deyil.

Axı mən özüm də əzizlərimin təkrar söhbətlərinə dəfələrlə qulaq asmışam. Axı yalan danışmayan insanlar təkrar danışmağa məcburdur.

Bu düşüncələrdən məni təyyarədən gördüyüm mənzərə ayırır...

Artıq Birləşmiş Ərəb Əmirliklərinin üzərindəyik. 

Filoloq dostum Faiq mənə Dubayın üstündən uçduğumuzu deyir. Ancaq Dubay görünmür. Hərçənd Dubay səmasında qara buludların olmağı bizə heç inandırıcı gəlmir. Axı avqust ayında Dubaya səmadan od ələnməlidir. Əbu-Dabi hava limanının özüaçılan şüşə qapısından çölə addım atan kimi isti dəhşətlə üzümüzə çırpılır. Buna dilimizdə cəhənnəm istisi deyirlər. Sanki hansısa nəhəng bir kondisionerin tərs tərəfində durmuşuq - soyuğunu geniş rus çöllərinə üfürən div kondisionerin arxa fırfırasının qarşısında.

Birləşmiş Ərəb Əmirliklərinin adını mən qoysaydım, səhrada çəkilmiş fantastika filminə oxşayan bu yerlərə elə film adı verərdim; 1967-ci ildə çəkdiyimiz filmin adını: “İnsan məskən salır”.

Ərəblər birləşib əmirliklərin ərazisindəki Allahın səhrasının təxminən 40 faizini buzxanaya çevirə biliblər, bütün daxili məkanlar buz kimidir.
Mağazaya girəndə küncdə ağ əmaməli bir ərəbin dizlərini qatlayıb oturduğunu gördüm. Namaz qıldığını düşündüm. Diqqətlə baxanda gördüm ki, o, yerdən qoyulmuş bir kondisionerə “sitayiş” edir. Əlləri də dizlərinin üstündə. Bu uğursuz bənzəyişin ardınca çölə çıxanda Əbu-Dabi hava limanına tut kimi tökülən təyyarələr diqqətimi çəkdi. Ərəb səmalarından enən təyyarələr mənə bu texnogen şəhərin süni ayələri kimi göründü - endikcə enir və iqtisadi informasiyalar gətirir.

Hotelimizdə ərəb televiziya kanallarına baxanda gördük ki, dubaylılar da səmalarından çəkilmək bilməyən qara, süni buluddan narahatdır. Hətta deyirlər ki, Dubay bu ilin ən soyuq yayını yaşayır. Telefonumda temperatura baxıram. Saat 22:00, istilik 42 dərəcə.

Çölə çıxırıq, Faiq bizi Dubayın ən lüks yerləri ilə yanaşı əcaib küçələrindən birinə də gətirir. Qaradərili qızların ucuz müştəri səslədiyi qapqara bir küçə.
Uqanda, Keniya, Kamerun deyən qızların yanından ötüb keçirik. Hər dəfə ölkə adları eşidəndə Azərbaycan sözünü axtaran qulaqlarım bu dəfə xoşbəxtdir. “Dubay-qadın” travmasını hiss edən Faiq qızlardan birinə məni göstərib deyir: “Azərbaycandan gəlmişik. Bu, yazıçıdır. Bircə yazıçı adı deyin, sizə təmənnasız ödəniş edib çıxıb gedək”. Qız bir neçə dəqiqə fikirləşsə də, 6 qitəli dünyadan bir yazıçı adı xatırlaya bilmir. Faiqə deyirəm, soruş, bəlkə Çingiz Abdullayevi tanıyır, axı onu hər yerdə oxuyurlar. Gülə-gülə spirtli içki satılmayan şəhərdə çantamızdan gizlicə bir şüşə pivə çıxarıb qıza veririk. Yazıçı adı xatırlamayan qız uzaqlaşdığımızı görüb arxamızca deyir: “Yazıçı dostuna de, gəlsin, birlikdə roman yazaq”.

Mən isə yaxşı başa düşürəm ki, bu süni şəhərdən roman yox, olsa-olsa bir köşə yazısı çıxar.

Köşə yazım isə Bakıya enəndə tamamlanır; tələsik danışmaqda ispanlardan çox da fərqlənməyən taksi sürücülərimizin səsini eşidəndə - pisi ilə, yaxşısı ilə saf uşaqların qollarını gen açıb göstərdiyi qədər, “bu boyda” - okean boyda sevdiyim şəhərdə...

Ardı var...

Sərdar Amin, 

Xüsusi olaraq “Qafqazinfo” üçün