“Dünən baş verənlər 1 günlük müharibə kimi tarixə düşəcək...”

dunen-bas-verenler-1-gunluk-muharibe-kimi-tarixe-dusecek
Oxunma sayı: 4317

“Azərbaycan birtərəfli qaydada hərbi əməliyyatları dayandırmaq barədə qərar qəbul edib. Qarşı tərəf də analoji addım atsa, 2 aprel 2016-cı ildə baş verənlər 1 günlük müharibə kimi tarix kitablarında yerini alacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu politoloq Şahin Cəfərli dünəndən bəri cəbhə xəttində baş verən gərginliyə münasibət bildirərkən deyib.

Ekspert qeyd edib ki, bu hadisə məsələnin gündəmə qayıtmalı olduğunu bir daha sübut edib:

“Məsələnin hərbi tərəflərini, nə itirib nə qazandığımızı şərh edə bilmərəm. Amma əsas siyasi nəticə ondan ibarətdir ki, dünya Qarabağ məsələsinin, ümumən Ermənistan-Azərbaycan ixtilafının heç də donmuş münaqişə olmadığını gördü. Hamıya bəlli oldu ki, bu məsələ də dünyada həlli vacib problemlərdən biridir və hər hansı təminat mexanizmi olmayan atəşkəs rejiminə ümid edib, bu problemi arxa plana atmaq olmaz.

Mən ümid etmək istəyirəm ki, ABŞ və Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllini Rusiyanın inhisarına və insafına buraxmağın çox yanlış olduğunu və bu durumun heç də Qərbin maraqlarına cavab vermədiyini anladılar. Ukrayna məsələsində olduğu kimi, Dağlıq Qarabağ probleminin həlli üçün də Rusiyaya siyasi təzyiq göstərilməlidir, bu məsələ son aylar intensivləşən ABŞ-Rusiya dialoqunun mövzularından biri olmalıdır. İlk növbədə DQ ətrafındakı 5 rayonumuz qeyd-şərtsiz boşaldılmalıdır. Azərbaycanın güzəşti ondan ibarət ola bilər ki, Laçın dəhlizi ilə bağlı xüsusi rejimin tətbiqinin qarşı tərəflə müzakirəsinə razılaşar və bu çərçivədə Laçın və Kəlbəcərin qaytarılması ayrıca danışıqların mövzusu ola bilər. Paralel şəkildə Dağlıq Qarabağın Azərbaycanın tərkibində xüsusi statusunun müəyyənləşdirilməsi və ondan irəli gələn məsələlərin müzakirəsinə də Azərbaycan hazırdır, bunu ölkə rəhbərliyi dəfələrlə vurğulayıb”.

Şahin Cəfərli hesab edir ki, Azərbaycan xalqı mədəni xalqdır və dinc yanaşı yaşama prinsipinə əməl edərək DQ erməniləri ilə bir arada yaşaya bilər:

“Unudulmasın ki, dünya tarixindəki ən amansız savaşlar belə, sonda sülhlə yekunlaşıb. Biz də, ermənilər də sülhə və barışığa məhkumuq. Heç birimiz digərini bu coğrafiyadan süpürüb ata bilməz. Əminliklə deyirəm ki, bu gün ermənilərin vəziyyəti bizimkindən daha ağırdır, bunu ağlı başında olan ermənilər də etiraf edir. Sosial-iqtisadi məsələləri nəzərdə tutmuram. Ermənilərin ən böyük problemi odur ki, onlar Rusiyanın girovudur, biz isə Rusiyanın davamlı basqılarını üzərimizdə hiss etsək də, hər halda, boyunduruqdan xilas olmuşuq, ərazimizdə rus ordusu yoxdur və Moskvanın mənasız inteqrasiya layihələrinin bir parçası deyilik. Bu, bizim çox böyük, həyati əhəmiyyətli üstünlüyümüzdür. Qərb Rusiyaya təzyiq göstərərək onu ermənilərdən Azərbaycana qarşı istifadə etmək siyasətindən vaz keçirə bilər. Bu baş verərsə, görəcəksiniz ki, ermənilər özləri bizimlə barışığa meyl edəcək və hər iki tərəf Qarabağ münaqişəsi adlanan buxovdan azad olacaq”.