Azərbaycan parlamentinin bir neçə üzvü ötən gün Bakıda baş tutan “Arsenal” – “Çelsi” final qarşılaşmasının nəticəsinə münasibət bildiriblər.
“Qafqazinfo” xəbər verir ki, deputat Fazil Mustafa qeyd edib ki, “Çelsi” nin 3:2 hesabı ilə qalib gələcəyini proqnozlaşdırmışdı, ancaq hesab 4:1 olub:
“ Əsas odur ki, "Çelsi" qazansın. Buyurub bütün "Arsenal"lılar erməni formasını geyinsin, üstəlik yalandan ağlaya da bilərlər. Necə ki, sevdikləri ermənilər yüz ildir yalandan ağlayırlar. Gəldiyiniz ölkənin qonaqpərvərliyinə hörmətsiz yanaşaraq ədəbsizlik edəndə, bilmirdiniz ki, bunun ağlamaq anı da var? Qələbəyə görə, "Çelsi"yə təbriklər, gözəl idman bayramı təşkilatçılığına görə də Azərbaycanımıza təşəkkür!”.
Deputat Qənirə Paşayeva “Çelsi”ni qalibiyyət münasibətilə təbrik edərək Azərbaycana təşəkkür edib : “Çelsi” azarkeşi olmasam da, bu oyunda onun qələbəsini istəyirdim. "Arsenal" klubunun da heç zaman azarkeşi olmamışam, amma onların Bakıdakı oyun ərəfəsində erməni oyunçu ile bağlı heç bir normalara sığmayan əməlləri, Azərbaycana qarşı haqsız hərəkətləri, özlərinin və tərəfdarlarının gəldiyi ölkənin qonaqpərvərliyinə hörmətsiz yanaşaraq ədəbsizliklər etməsi hamımızı hiddətləndirmişdi. İndi oturub o erməni oyunçu, ermənilər və böhtançılarla birlikdə biabırçı məğlubiyyətlərinə birlikdə ağlayarlar. Qələbəyə görə "Çelsi"ni təbrik edirik. Gözəl idman yarışı təşkilatçılığına görə də ölkəmizə təşəkkürlər! Azərbaycan bir daha ən yüksək səviyyəli tədbirləri belə ən yüksək səviyyədə təşkil edə bildiyini göstərməsi ilə bədxahlara şillə kimi cavabı verdi. Allah düşmənlərə qarşı hər zaman ölkəmizə dəstək olsun!”.
Deputat Tahir Mirkişili isə vurğulayıb ki, çirkin siyasi oyun əvəzinə, gözəl futbol oyunu oynamaq lazım idi: “Haqsız olanlar sonda uduzurlar, böyük hesabla, bugünkü kimi! Bu günün (dünənin) ən böyük qalibi isə Azərbaycandır! Azərbaycanın ən böyük qalibiyyəti isə irəlidədir!”.
Deputat Sahib Aliyevin sözlərinə görə, son günlər "Arsenal" yarımmüdafiəçisi Henrix Mxitaryanla birgə futbol yox, Azərbaycana qarşı siyasət oynayırdı: “ "Çelsi"nin qələbəsinə mən həm idmanın çirkli siyasət, həm də Avropa Liqasının final oynunu əsl futbol bayramına çevirən Azərbaycanın bədxahların üzərində qələbəsi kimi baxıram. "Human Rayts Votç”, “Əmnisti İntənəşnl”dəkilər də bunu bilməmiş olmasınlar gərək”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər