Ötən gün "Qafqazinfo"da yayımlanan ağacların soyqırımı ilə bağlı xəbərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın operativ reaksiyasından sonra bu prosesə son qoyulub.
"Qafqazinfo" anspress-ə istinadən xəbər verir ki, Bakının Nəsimi rayonu, 20 Yanvar küçəsi, 22 nömrəli evin qarşısında məhv edilmiş yaşıllıqların bərpasına başlanılıb.
Sakinlər deyirlər ki, yalnız Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məsələyə ciddi münasibət bildirəndən sonra ağacların kütləvi şəkildə qırılmasına son qoyulub. Samirə Əliyeva adlı sakin deyir ki, əgər Mehriban Əliyeva köməklik etməsəydi, ərazidəki yaşıllıqlar kökündən məhv ediləcəkdi.
“16 ağac məhv etmişdilər. Mehriban xanımın birbaşa Bakı şəhər İcra Hakimiyyətinə göstərişi ilə ərazidə 30-a yaxın ağac əkilir. Bundan əlavə əraziyə ot örtüyü salınır. Bizim səsimizə səs verdiyi üçün Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk”, - deyə Samirə Əliyeva bildirib.
Qeyd edək ki, hazırda ərazidə Bakı şəhər İcra Hakimiyyətinin, Yaşıllaşdırma İdarəsinin və Ekologiya Nazirliyinin mütəxəssisləri işləyirlər. Ərazidə yeni ağaclar əkilir və təzə ot örtüyü salınır.
Yaşıllıqların məhv edənlərin kimliyinə gəlincə, Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsindən bildiriblər ki, məsələ ciddi şəkildə araşdırılır. Təhqiqat nəticəsində həmin şəxslərin kimliyi məlum olacaq. Bölmədən əmin etdilər ki, günahkarlar mütləq cəzasına çatacaq.
Son xəbərlər
Son Xəbərlər