Azərbaycan dili fənni üzrə mayın 26-da keçirilmiş imtahanın nəticələri elan edilib.
“Qafqazinfo” xəbər verir ki, imtahanda iştirak etmiş şəxslər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Qeyd edək ki, İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim edilib. İştirakı nəzərdə tutulan 1286 abituriyentdən 134 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 1152 abituriyentdən 613 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.
Cari ilin (9 və 11-ci sinif) məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Abituriyentlərin balı 50 və daha yuxarı olduqda isə “məqbul” qiymət almış hesab olunurlar və ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqəyə buraxılırlar.
Son xəbərlər
Son Xəbərlər