Dünya çempionatından iki qızıl medalla qayıtdı - Fotolar + Video

dunya-cempionatindan-iki-qizil-medalla-qayitdi
Oxunma sayı: 1916

Bakının 6 saylı tam orta məktəbinin 4-cü sinif şagirdi Rəşad Mahmudov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunmuş Karatenin şotokan növü üzrə 10-cu Dünya çempionatından iki qızıl medalla qayıdıb. Ötən il Batumidə erməni rəqibinə qalib gələrək qızıl medal qazanan Rəşad hər zaman uğurları ilə ölkəmizin bayrağını yüksəklərə qaldırıb.  

Balaca çempionun qalibiyyətilə bağlı təhsil aldığı 6 saylı tam orta məktəbin direktoru Gülşən Orucova “Qafqazinfo”ya müsahibə verib. Direktor şagirdinin uğuruna hər zaman sevindiyini bildirib: “Biz məktəbimiz adına şagirdlərimizin hər bir uğuruna sevinirik. Bu, təkcə məktəbin uğuru deyil, düşünürəm ki, bu həm də ölkənin qalibiyyətidir. Nəzərə alsaq ki, Rəşad ötən il erməni rəqibinə də qalib gələrək qızıl medalla vətənə dönüb, bu, artıq millətçilik, vətənpərvərlik hisslərinin aşılanmasında olduqca böyük rol oynayır. Sözsüz ki, şagirdlərimizin uğuruna övladımız qədər sevinirik. Məktəb olaraq biz həmişə Rəşada dəstək olmuşuq, dərslərində, çempionata getdiyi vaxtlarda bütün köməkliyi göstərmişik”.

Çempionun məktəbdə necə qarşılanmasına gəlincə, direktor deyib ki, Rəşad ilk olaraq medalları, təltifnamaləri ilə məktəbə gəlib: “Özü ilə şəxsən görüşdüm, şəkil çəkdirdik, məktəbin saytında işıqlandırdıq. Sinifdə isə onu sinif yoldaşları çox sevinclə, alqışlarla qarşıladılar. Rəşad çox səmimi şagirddir. Baxmayaraq ki, idmançıdır, amma şagird kimi çox mehriban, səmimidir. Ona görə də Rəşadın məktəbdə, sinifdə özünəməxsus yeri var”.

Gülşən Orucova onu da bildirib ki, məktəbdə Rəşad Mahmudovun qalibiyyətini təntənəli şəkildə qeyd edəcəklər. İyunun 14-də, Son zəng günü bütün məktəb heyətinin qarşısında Rəşadın qələbəsi xüsusi qeyd ediləcək və məktəbin saytında bu haqda məlumat veriləcək: “Bilirəm ki, Rəşad yenidən Avropa çempionatına hazırlaşır. Bu çempionatdan da qələbə gözləyirik”.   

Rəşad Mahmudovun sinif rəhbəri Zemfira Hüseynova da şağirdinin uğurlarından fərəhlə danışıb: “Sagirdimin uğurunu çox sevinclə qarşıladım. Belə hesab edirəm ki, Rəşadın qalibiyyətində nəinki mənim, başda məktəbimizin direktoru Gülşən xanım olmaqla, hətta ona dərs deyən bütün müəllimlərin müsbət rolu olub. Hər zaman Rəşadı daha çox qələbələr əldə etməyə mənəvi cəhətdən ruhlandırmışam. Bəli, tam əminliklə deyə bilərəm ki, bu uğurda mənim də payım var”.

Qeyd edək ki, ilin əsas yarışını müvəffəqiyyətlə başa vuran Azərbaycan karateçilərini noyabrda qitə çempionatı gözləyir. Millimiz Dünya çempionatında olduğu kimi, Avropa çempionatına da tam heyətlə yollanmağı planlaşdırır. İyunda isə yığma komandalarımız Gürcüstanda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.   

Balaca cempionumuza növbəti yarışlarda uğurlar arzu edirik!