Dünyanın ictimai-siyasi elitasının ən nüfuzlu üzvlərini bir mərkəzdə toplayıb onların resurslarını planetin maraqlarının qorunmasına cəlb etmək. Bu, müstəqillik dövründə Azərbaycanın təşəbbüsü ilə reallaşan ən uğurlu layihələrdən biridir.
Ölkəmizdə 2013-cü başlayaraq artıq doqquzuncu dəfə keçirilən Qlobal Bakı Forumunun əhəmiyyəti Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı parlaq qələbə fonunda indi daha aydın və əhəmiyyətli təsir bağışlayır. Bu forum Azərbaycan həqiqətlərinin dünyada təbliği və təşviq olunması baxımından hər zaman mühüm rol oynayıb, müharibənin gedişində və ondan sonrakı dövrdə Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi dəstəklə Azərbaycanın sülh çağırışlarına dünyada böyük maraq oyadıb. Forumun budəfəki mövzusu da təsadüfi seçilməyib. “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu Rusiya-Ukrayna gərginliyinin davam etdiyi bir vaxtda dünyanın hələ də müharibə risqindən xilas olmadığını və bu toqquşmaların sülhü və təhlükəsizliyi ciddi təhdid etdiyini bəyan edir. 50-dən çox ölkədən yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri indi bu təhlükələrdən çıxış yolları axtarır və bu prosesi Azərbaycan paytaxtında həyata keçirirlər.
Bundan əvvəl müntəzəm olaraq Bakı Beynəlxalq Humanitar forumlarına, Mədəniyyətlərarası Dialoq forumlarına, BMT-nin Svilizasiyalar Alyansının VII Qlobal Forumuna və digər tədbirlərə ev sahibliyi edən Bakıda Amerika və Rusiya baş qərargah rəislərinin bir neçə görüşü də keçirilib. Bəs nə üçün bu cür mötəbər tədbirlərin və görüşlərin keçirilməsi üçün təyinat məntəqəsi məhz Bakıdır? Cavab çox sadədir. Çünki heç bir hərbi təşkilatın üzvü olmayan Azərbaycan güclü beynəlxalq nüfuza malikdir. O, bütün qonşuları və müttəfiqləri ilə qarşılıqlı etimada əsaslanan əlaqələr qurub. Bütün bunlar isə ölkəmizin sabitləşdirici amil kimi rolunu daha da artırıb. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nümayiş etdirdiyi fəaliyyət mexanizmi indi dünya miqyasında təqdir olunur. Beyin mərkəzləri etiraf edir ki, Cənubi Qafqazdakı təhlükəsizliyi təhdid edən 30 illik münaqişə məhz Azərbaycanın səyləri hesabına həll olunub və bunu Azərbaycan təkbaşına edib.
Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı forumları isə son 10 ildə Azərbaycanın əldə etdiyi ciddi sərmayələrdən biridir. Bu sərmayə ölkəmizin milli maraqlarının təmin olunmasına, Azərbaycan həqiqətlərinin dünyada təbliğinə yönəldi və nəticə də göz qabağındadır. Mərkəzin idarə heyəti və üzvləri həm müharibədən öncə, həm də sonrakı dövrdə Azərbaycanın haqlı davasına dəstək verdilər, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının əhəmiyyətini dönə-dönə vurğuladılar, Ermənistanın işğal siyasətinin regiondakı sülhü təhdid etdiyini üstüörtülü bəyanatlarla yox, açıq şəkildə bildirdilər. 2020-ci ilin noyabrında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Prezidentinə müraciət qəbul edərək Ermənistanın işğal siyasətinin ağır nəticələrindən, onların ikinci Qarabağ müharibəsi dövründə mülki insanlara qarşı həyata keçirdikləri irimiqyaslı hərbi əməliyyatlardan hiddətləndiklərini bildirmişdilər. Mərkəzin bu addımı Azərbaycanın haqq davasına göstərilən böyük dəstək idi. Nəzərə almalıyıq ki, həmin bəyanatın altında imzası olan şəxslər dünyanın nüfuzlu ictimai-siyasi xadimləridir. Onların çoxu vaxtilə dünya siyasətinin aparıcı simaları olub, onlar dünyanın və mənsub olduqları regionun gündəmini formalaşdırıb. Onların fəaliyyətində beynəlxalq hüquq prinsipləri üstünlük təşkil edib. Deməli, bu cür komandanın Azərbaycana verdiyi dəstək əlbəttə ki, əhəmiyyətlidir və bu dəstək bundan sonrakı sülh quruculuğu prosesində də öz dəyərini qoruyub saxlayacaq.
Bundan əvvəlki forumların mövzusundan asılı olmayaraq Prezident İlham Əliyev hər dəfə Ermənistan-Azərbaycan münaqişəsini qaldırıb, çıxışlarında bu münaqişəsinin regionun inkişafına nə cür mənfi təsir göstərdiyini izah edib. Dövlət başçısı yenə də bu məsələyə toxundu, amma bu dəfə vəziyyət əvvəlkilərdən çox fərqlənir. Artıq Azərbaycan münaqişəyə son qoyub, özünün beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyünü təmin edib, indi növbə regionda sülh məqsədlərini daha da gücləndirməyə, onun naminə fəaliyyətə yönəldilməlidir. Danışıqlar prosesində fəal olan Rusiya və Belçika paytaxtlarından gələn siqnalardan da aydın olur ki, Azərbaycan bu məqsədlə kifayət qədər təsirli addımlar atır, ölkəmizin postmünaqişə dövründəki mövqeyi və fəaliyyəti təqdir olunur.
Digər tərəfdən Azərbaycanın qlobal və regional səviyyədə verdiyi tövhələr beynəlxalq təşkilatların diqqətindən yayınmır. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun IX Qlobal Forumunda iştirakı əlbəttə ki, pandemiya dövründə Azərbaycanın beynəlxalq təşəbbüslərə verdiyi dəstəyin əlamətidir. Azərbaycan o ağır günlərdə 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərdi. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verdi. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan vaksin millətçiliyi ilə bağlı məsələyə səssiz qalmadı. Şirkətləri və zəngin ölkələri bu mənasız və utancverici təcrübədən əl çəkməyə çağırdı. Beləliklə, Azərbaycanın bu prosesdəki aktiv fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatı da etiraf etdi, uğurlu “Azərbaycan modeli” bir çox ölkəyə nümunə göstərildi. Bu uğurun mahiyyətində duran əsas amillərdən biri də məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının zirvə görüşlərinin pandemiya ilə mübarizəyə həsr olunması idi. Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə qatıldı. Azərbaycan liderlik göstərərək bu məsuliyyətli məsələ ətrafında bütün dünyanı birləşdirdi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə də nail oldu. Gərgin fəaliyyətin bəhrəsi olan bu uğurlar fonunda BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahidin Azərbaycana səfəri və keçirdiyi görüşlərin Ermənistanda nə üçün qıcıq yaratması isə sual doğurur. Onlar anlamır ki, illərlə diasporanın pullarına güvənərək leqallaşdırmağa çalışdıqları işğal siyasətini Azərbaycan beynəlxalq hüquqa söykənərək həll etdi. Azərbaycanın müstəqil ölkə kimi 30 il ərzində formalaşdırdığı güc də budur. İndi Vaşinqtondan Brüsselə kimi hamı Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu etiraf edir və bu, erməniləri nə üçün çaş-baş salmalıdır? Başa düşülməyən nə var ki?.. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi fonunda illərlə lal qalan etirafların da dili açılıb və bu məsələdə əlbəttə ki, Qlobal Bakı forumlarının da xüsusi əhəmiyyəti olub. Bu forumları təşkil edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti bütün hallarda 30 il mənasız danışıqlar apararaq münaqişənin həllinə yox, onun daha çox qalıcı olmasına kömək edən, müxtəlif təzyiq mexanizmləri düşünürək Ermənistanın işğal siyasəti leqallaşdırmağa çalışan ATƏT-in Minsk qrupunun fəaliyyətindən daha effektivdir. Ona görə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi öz məqsədlərinə sadiqdir, onun nizamnaməsində haqqı nahaqqın ayağına vermək kimi ədalətsiz prinsiplər yoxdur.
Qlobal Bakı Forumunun məqsədləri hər zaman dünyada və regionda təhlükəsizliyin təmin olunmasına yönəlib. Region demişkən, budəfəki forumda Gürcüstan Prezidenti Salome Zurabişvili də iştirak edir. Neçə gündür Abdulla Şahidin Bakı səfərini qaraqabaqara izləyib hədyanlar yazan erməni mətbuatı yaxşı olardı ki, Gürcüstanın dövlət başçısını bu foruma gətirən səbəblərlə bağlı suallara cavab tapardı. Çox baş sındırmağa da ehtiyac yoxdur. Çünki cavab çox sadədir. Gürcüstan regiondakı sabitliyi təhdid edənin yox, onu təmin edənin yanındadır.