Ciddi şəkildə idmanla məşğul olduğum vaxtlar var idi. Hər gün qulaqlığı taxıb bir saat qaçır, ardından bir saat ya basketbol oynayır ya da bədənimi şişirtmək üçün əlimə hansı alət keçirsə qaldırır, bədənimi mümkün olduğu qədər möhkəmlətməyə çalışırdım. Bəzi günlər günorta saatlarında boş saat əlimə keçərsə fürsətdən istifadə edib idman kompleksinə erkən yollanırdım. Günorta saatları yaxınlıqda yerləşən rehabilitasiya mərkəzindəki passientlərin idman saatlarıyla üst-üstə düşürdü.
Nə vaxt günorta saatlarında idman etsəm qaçışımı yarımçıq buraxır, görməyə dözə bilmədiyim uşaqlardan uzaqlaşmaq üçün özümü trenajor zalına atır, onların getməsini gözləyirdim. Daun sindromlu bir oğlan var idi. Nə vaxt qarşı-qarşıya gəlsək mənə salam verər və gülümsəyərdi. Mən isə qorxaraq gülümsəyər, onun səmimi salamına baş ilə salam verib, sürətlə ondan uzaqlaşardım. Bir gün ayaqqabımın ipini bağlamaq üçün dayandım. Arxa tərəfdən onun gəldiyini bilirdim. Ona görə də tələm-tələsik ayaqqabımın ipini bağlayıb qaçmaq istəyirdim. Tam ayağa durub qaçacaqdım ki, bir əl cəsarətsizcə çiynimə toxundu. Duruxdum, həyəcanımı gizlədərək onun üzünə baxdım. Burnundan qan axdığını görüb daha da çətin vəziyyətə düşdüm. Nə deyəcəyimi bilmirdim. Təxminən 19-20 yaşlarını verdiyim bu oğlan burnundan qan axarkən, gözünün yaşını silərək mənə bunları dedi: “Salam. Necəsən?” Gözlərində bir körpənin saf baxışı var idi. Tək istədiyi mənimlə danışmaq, dost olmaq idi. Ona cavab verdikdən sonra, əyri-üyrü, yarımçıq bir neçə cümlə quraraq onunla ünsiyyət qurmağa çalışdım. Dodağına bulaşmış qan danışdıqca üstümə sıçrayırdı. Mən isə olduğum yerdə tərpənmədən ona baxır, ona kömək etmək istəsəm də buna cəsarət etmirdim... Mənim nə isə etməyimə ehtiyac qalmadı. Bu oğlan əlini üzümə doğru uzatdı, üzümə toxundu. Sonra isə ağlaya-ağlaya məni qucaqladı. Bu səmimi qucaqlaşmanı yəqin ki heç vaxt unuda bilməyəcəm.
Onların gözüylə dünyaya baxmağa cəhd edin. Sizi ələ salırlar, gülürlər və sizdən qorxurlar.Sizi görüb üz-gözlərini büzüşdürür, lağ-lağaya qoyurlar. İnsanların, bəlkə də bir qadının sevgisinə, toxunuşuna, nəvazişinə ehtiyacınız olduğu halda onlar sizdən qorxur. İnsanlar sizdən çəkinir. Qorxmayanların əksəriyyəti isə sənə yazıq və xəstə kimi baxır, sənə göstərdiyi qayğı da bununla bağlıdır. Onlar həyata, dünyaya və ən əsası da Azərbaycana tutunmaq üçün mübarizə aparırlar. Onlar bizim vətəndaşımız, bizim xalqımızın nümayəndələridirlər. Yuxarıda danışdığım daun sindromlu dostumuz sizi aldatmasın. Onlar deyərkən mən fiziki məhdudiyyəti olan insanlardan tutmuş fiziki görünüş baxımından sağlam görünən, sadəcə psixoloji olaraq cəmiyyətə uyğunlaşa bilməyən tanıdığımız, gördüyümüz insanları nəzərdə tuturam. Kimi yaşadığı travmalar nəticəsində, kimi isə dünyaya gözünü açdığı gündən bəri dünyaya, yaşadığımız həyata uyğunlaşmaqda çətinlik çəkir. Bizim ölkəmizdə bu cür insanlara qarşı bəzən elə amansız reaksiyalarla qarşılaşıram ki, qanım donur. Onlar qohum-əqrəba qarşısında utanc mənbəyi, qınaq obyektidirlər. Bəzi analar onların ölümünü arzulayır və bunun üçün əllərindən gələni edirlər. Bu haqda eşitməmiş olmarsınız yəqin ki. Övladlarını xəstələndirib, öldürmək istəyən kifayət qədər valideyn var. Bu cür hadisələr, bəzi valideynlərin övladının vəhşi təbiətdə mübarizə apara bilməyəcəyini görən və xəstə övladlarını ölümə tərk edən heyvanlardan elə də fərqli olmadığını göstərir.
Psixi xəstəlikləri, bəzi fiziki məhdudiyyətləri olan insanlar elə uşaqlıqdanca damğalanır, uşaqlarının gələcək həyat yoldaşı siyahısından silinirlər. Bu sözləri ordan burdan eşitdiyim söz-söhbətlərə əsaslanaraq yazmıram. Olduqca gözəl, istedadlı bir neçə dostum var ki, bəzi fiziki məhdudiyyətlərlə yaşayırlar. O məhdudiyyətlərin bəziləri o qədər əhəmiyyətsizdir ki... Amma bu cəmiyyət onları komleksə salır, yaşamağına çətinlik törədir.
29 may tarixində Bakı kreativ mərkəzində “Dünya mənim gözümlə” adlı foto sərgi keçirildi. Psixi sağlamlıq mərkəzinin təşkil etdiyi sərgidə onların gözündən Bakını, dünyayı görmək fürsətim oldu. Məqsəd onlara özlərini ifadə edə bilmək üçün vasitə olmaq, onlara dəyərli olduqlarını, əgər cəhd etsələr bir yolla qəlblərə yol tapa biləcəklərini, uğur qazana biləcəklərini göstərmək, cəmiyyətimizin bir parçası olduqlarını onlara xatırlatmaq idi.
Fotoların müəlliflərindən bəziləri valideynləri ilə bərabər sərgiyə gəlmişdi. Valideynlərin övladlarının həyata tutunmaq üçün etdiyi mübarizədən, cəhdlərdən necə xoşbəxt və sevincli göründükləri, övladları ilə necə fəxr etdikləri barədə danışmağa ehtiyac yoxdur yəqin ki. Valideynin sənin uğurunla fəxr etməsi hissini düşünün bir də. Bu insana güvən və həyata qarşı mübarizədə dözüm verir.
Azərbaycanda bu cür tədbirlərin daha çox keçirilməsi, hər sahədə onlara özlərini göstərmək üçün fürsət verilməsi və şərait yaradılması kimi addımlar bu cəmiyyətə ancaq xeyir verə bilər. Onlara qarşı göstərilən, insanlığa yaraşmayan davranış formaları maarifləndirilmə və bu kimi tədbirlər sahəsində dəyişəcək.
Bu sərgiyi təşkil etdikləri üçün, zəhmət çəkən hərkəsə- xüsusilə Psixi sağlamlıq mərkəzinin kollektivinə təşəkkür edirəm. Adları anonim saxlanılan foto müəlliflərini ayaqda alqışlayır və uğurlar arzu edirəm. Onların uğuru eyni zamanda hamımızın, cəmiyyətimizin uğuru deməkdir.