“Dünən Tayvanda keçirilən prezident seçkilərində hakimiyyətdəki Demokratik Proqressiv Partiyanın namizədi, mövcud vitse-prezident Lai Ching-te qalib gəlib”.
“Qafqazinfo” xəbər verir ki, bunu politoloq Şahin Cəfərli feysbuk hesabında yazıb.
Politoloq Tayvanda keçirilən prezident seçkilərini təhlil edib: “Bu, DPP-nin ardıcıl 3-cü qələbəsidir. Çin Xalq Respubikası hökuməti bu seçkilərdə “Homindan”ın ("Kuomintang") namizədini dəstəkləyirdi və tayvanlıları ona səs verməyə çağırmışdı.
“Homindan” 1949-cu ildə vətəndaş müharibəsində kommunistlərə məğlub olduqdan sonra Tayvan adasına sığınmış ozamankı Çin Respublikasının rəhbəri Çan Kayşinin partiyasıdır. DPP Tayvanın müstəqilliyinin tərəfdarıdır və əksəriyyət etibarilə liberal gəncliyin ağırlıqda olduğu elektoral bazaya söykənir.
“Homindan” isə Pekinlə yaxın dialoq və əməkdaşlığa tərəfdardır və seçiciləri əsasən mühafizəkar yaşlı nəsildir.
Nəticələr Pekində məyusluq və qəzəblə qarşılanıb. Məlumdur ki, Çin rəhbərliyi Tayvanı nəyin bahasına olursa olsun, o cümlədən ehityac yaranarsa, hərbi güc vasitəsilə ana vətənə birləşdirəcəyini elan edib. Tayvan öz müstəqilliyini elan edərsə, dərhal hərbi müdaxiləyə başlanılması barədə xüsusi qanun var.
Bu məsələdə Çini çəkindirən əsas amil ABŞ və onun ətrafındakı anqlo-sakson dünyasının digər 2 böyük dövləti (Britaniya, Avstraliya) və Yaponiyadan ibarət koalisiyadır. Çinin tək ABŞ-la bacaracağı şübhə altındaykən AUKUS (ABŞ-Böyük Britaniya-Avstraliya) + Yaponiya birləşmiş qüvvələrinin öhdəsindən gəlməsi əlbəttə ki, mümkün deyil.
Düzdür, Tayvan hücuma məruz qalarsa, ABŞ-ın onu müdafiə edəcəyinə dair hər hansı konkret razılaşma və öhdəlik yoxdur. Lakin 1979-cu ildə ABŞ yeganə Çin hökuməti kimi Pekindəki hökuməti tanıdıqdan sonra Konqresin qəbul etdiyi Tayvanla münasibətlər haqqında xüsusi qanunda deyilir ki, Tayvanın gələcəyinin sülh yolu ilə deyil, digər vasitələrlə müəyyənləşdirilməsi cəhdi ABŞ tərəfindən qəbul olunmayacaq.
Yəni Tayvana birbaşa təhlükəsizlik təminatı verilməsə də, ada hökumətinə müasir silahların satışına icazə var və Çinin hücumu halında ABŞ-ın müdaxilə edə biləcəyinə işarə vurulur. Bu siyasət strateji qeyri-müəyyənlik (strategic ambiguity) adlanır.
Tayvanı müdafiə etməyə dair hüquqi öhdəliyi olsa da, olmasa da, aydındır ki, ABŞ geostrateji əhəmiyyəti həddən artıq böyük olan, Cənubi Çin və Şərqi Şin dənizlərini birləşdirən Tayvan boğazının Pekinin nəzarətinə keçməsinə yol vermək istəməz. Dünya dəniz daşımaçılığının üçdə biri buradan keçir, bölgə təbii ehtiyatlarla zəngindir.
Məsələn, Yaponiyanın Tayvan məsələsindəki həssaslığı ABŞ-ın müttəfiqi olması və öz siyasətini Vaşinqtonun siyasətinə uyğunlaşdırması zərurəti ilə bağlı deyil, bilavasitə öz geoiqtisadi və təhlükəsizlik maraqlarından irəli gəlir.
Buradakı ticarət yolunun Çinin nəzarətinə keçməsi, eləcə də mübahisəli adalar üzərində Pekinin öz hakimiyyətini bərqərar etməsi Yaponiya üçün kabus ssenarisi olardı. (Şərqi Çin dənizindəki Senkaku arxipelaqı Çin və Yaponiya arasında mübahisə səbəbidir.
Cənubi Çin dənizindəki Spratli arxipelaqına isə Çin, Tayvan, Filippin, Vyetnam, Malayziya və Bruney iddia edir.) Bu səbəbdən Tokyo Tayvanın Pekin tərəfindən nəzarətə götürülməsini özü üçün mövcudiyyət problemi (ekzistensial təhdid) sayır.
Bu, o deməkdir ki, eskalasiya yaranarsa, Yaponiya kənarda qalmayacaq. Təsadüfi deyil ki, Yaponiya son illər hərbi büdcəsini davamlı artırır və ciddi şəkildə silahlanır. Yaponiya daha çox aviasiya komponentinin (F-35-lər vasitəsilə) gücləndirilməsinə üstünlük verərkən Avstraliya ABŞ və Britaniyanın köməyi ilə atom sualtı qayıqları inşa etməyə hazırlaşır.
Müharibə zamanı bir tərəfin çatışmazlığını digərinin imkanları kompensasiya etməlidir.
Bundan başqa, bilirsiniz ki, Tayvanın önəmini artıran daha bir amil yarımkeçiricilər (çip) sahəsində dünya lideri olan şirkətin (Taiwan Semiconductor Manufacturing Company - TSMC) bu ölkəyə məxsus olmasıdır.
(Cəmi 36 min kv. km ərazisi, 23 milyon nəfər əhalisi olan Tayvan öz iqtisadiyyatının böyüklüyünə görə dünyada 21-ci sıradadır.) Doğrudur, statistikaya baxanda görürük ki, dünya çip istehsalının dörddə biri təkbaşına Çinin payına düşür, lakin bunlar əsasən məişət texnikalarında istifadə olunan sadə yarımkeçiricilərdir.
Süni zəka, yüksək hərbi texnologiyalar sahəsində istifadə olunan çiplərin (“high-end” deyilən seqment) əsas istehsalçıları Tayvan, Cənubi Koreya və ABŞ-dır. (Bu 3 dövlət və Yaponiya şərti olaraq Çip-4 adlandırılan alyans yaradır.)
Bütün qeyd etdiyimiz amillər Tayvanı Çin üçün də vazkeçilməz və həyati bir regiona çevirir. ABŞ-ın (Qərbin) qlobal liderliyinin taleyi də burada həll olunur. (Orta Şərq çoxdan arxa plana keçib.)
Bu səbəbdən, əgər 3-cü dünya müharibəsi çıxacaqsa, məhz bu regionda çıxması və “Erida alması”nın (nifaq alması) Tayvan olması ehtimalı çox yüksəkdir”.