Dünyada internetə çıxışı olmayan insanların sayı açıqlandı

Dünyada internetə çıxışı olmayan insanların sayı açıqlandı
Oxunma sayı: 1052

Dünyada 2,9 milyard insan, yəni dünya əhalisinin təxminən 37 faizi hələ də, ümumiyyətlə, internetdən  istifadə etmir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqı məlumat yayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya və kommunikasiya texnologiyaları (İKT ) sahəsində ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) dünyada internetdən istifadə ilə bağlı yeni məlumatların yer aldığı hesabatı açıqlayıb.

Bildirilib ki, internetdən istifadə edənlərin təxmini sayı 2019-cu ildəki 4,1 milyarddan 2021-ci ildə 4,9 milyarda yüksəlib.

Koronavirus epidemiyası ilə əlaqədar qapanmalarla internetdən istifadə geniş vüsət alıb. Lakin dünyanın kasıb ölkələri bu məsələdə hələ də çox geridədir.

Hesabatda internetdən istifadənin artmasının qlobal inkişaf üçün yaxşı xəbər olduğu və bu rəqəmlərin də bütün dünyada internet istifadəsinin bərabərsizliyini əks etdirdiyi bildirilib.

Qeyd olunub ki, hələ də "oflayn" olan 2,9 milyard insanın təxminən 96 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.

4,9 milyard internet istifadəçisindən yüz milyonlarla insan internetə nadir hallarda qoşulur və əlaqə sürəti aşağıdır.

"Hazırda dünya əhalisinin, demək olar ki, üçdə ikisi internetdən istifadə edir. Hər kəsin internetə qoşulması üçün hələ çox işlər görülməlidir", - hesabat barədə BTİ-nin Baş Katibi Houlin Zao deyib.