Dünyadakı Azərbaycanlı Həkimlərin Simpoziumunun işgüzar proqramına start verildi - Fotolar

dunyadaki-azerbaycanli-hekimlerin-simpoziumunun-isguzar-proqramina-start-verildi
Oxunma sayı: 1686

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Dünyadakı Azərbaycanlı Həkimlərin Simpoziumunun (DATS) işgüzar proqramı öz işinə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, iyunun 20-21-də keçiriləcək panel müzakirələrdə Azərbaycan səhiyyəsində imkanlar və perspektivlər, cərrahiyyədə yeniliklər, robotik cərrahiyyənin imkanları, urogenital xəstəliklərin cərrahi müalicəsində innovasiyalar, təbabətin aktual problemləri, əczaçılıqda son nailiyyətlər, süni intellekt və yeni texnologiyaların tibb sahəsində tətbiqi, nevrologiyada aktual problemlər, qadın sağlamlığı, müasir neonatologiya, pediatriya və digər mövzularda çıxışların edilməsi nəzərdə tutulub.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov simpoziumun işgüzar proqramında açılış nitqi ilə çıxış edib: “Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ı çərçivəsində xaricdə təhsil alan həkim-mütəxəssislərin TƏBİB-in tabeli tibb müəssisələrində işə qəbulu aparılır. Bu proqramın vaxtı 2024-cü ilə kimi uzadılıb. Bu, o deməkdir ki, xarici ölkədə təhsil almış həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu 2024-cü ilədək davam edəcək.

Həmin proqrama əlavə bir dəyişiklik də edilib. Həkim mütəxəssislərin fəaliyyətinin və iş şəraitinin qiymətləndirilməsi məqsədilə Monitorinq Komissiyasının yaradılması nəzərdə tutulub. Komissiya tərəfindən bir həkim-mütəxəssis üçün 6 aylıq əsaslarla monitorinq həyata keçirilir. Monitorinqdən müvəffəqiyyətlə keçdikdə həvəsləndirici əlavələrin ödənilməsi növbəti 1 il müddətinə uzadılır. Monitorinqdən müvəffəqiyyətlə keçmədikdə həvəsləndirici əlavələrin ödənilməsi dayandırılır”.

Vüqar Qurbanovun sözlərinə görə, proqrama əsasən cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6500 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000 manatdan az olmamaq şərtilə müəyyən olunur.

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirovun moderatorluğu ilə keçən hissədə Simpoziumda iştirak edən dövlət və özəl tibb müəssisələrinin direktorları çıxış edərək Azərbaycan səhiyysinin imkanları və perspektivlərini müzakirə ediblər.

Simpoziumda tibbi elmi cəmiyyətlərin nümayəndələri də fikirlərini bildiriblər.

Simpozium daha sonra elmi çıxışlarla davam edib.