San Pedro məhkumlara qibtə ediləcək xüsusiyyətlərə malik bir həbsxanadır. “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Boliviyada yerləşən bu həbsxana məhkumlarının öz qanunları, ziyarətə gələn turistləri, oyun meydançaları və daha nələri var.
Həbsxana 250 məhkum üçün nəzərdə tutulsa da, hazırda təxminən 1500 nəfər yaşayır. Bu saya ailələr daxil deyil. “Ailələrin həbsxanada nə işi var” deyə düşünənlər üçün qeyd edək ki, burada məhbuslar çox çalışaraq ailələrini yanlarına apara bilirlər. Hazırda həbsxanada 200 uşaq və onların təlim-tərbiyəsi üçün 2 bağça və məktəb var. Dərsdən sonra boş vaxtlarını həbsxana daxilində oynayaraq keçirən uşaqlar vəziyyətlərindən heç də şikayətçi görünmür.

Həbsxana, hətta şəhər kimi bölgələrə də ayrılıb. Hər birinin xüsusi adı olan bu bölgələr içərisində Posta, Pinos, Alamos daha lüks və mərkəz ərazilər kimi tanınır. La Postada yaşayan məhkumların şəxsi hamamı, mətbəxi və kabel televiziyaları var. Təbii ki, bu komfortlu həyat onlara ucuz başa gəlmir. Burada kamera kiralamaq 1500-1800 dollar arası dəyişir. Məhkumlar imkanına görə bölgədən bölgəyə köç edə bilir. Nə qədər çox pulun varsa, o qədər lüks həyatın olacaq. Hətta çox zəngin olsalar, kameralarında sauna belə ola bilər.
Əgər məhkumların bu kameralara verəcək pulu yoxdursa, həbsxana rəhbərliyi onları daha çox məhbusun olduğu həbsxana yataqxanalarına yerləşdirir. San Pedroda gözətçilər yoxdur. İdarəetmə və nəzarət məhkumlar tərəfindən həyata keçirilir. Həbsxananın hər bölgəsində market və oyun meydançaları var. Burada məhkumlar boş vaxtlarında şahmat, bilyard, poker kimi oyunlar oynaya bilər.

Bufet və restoranları da məhkumlar işlədir. Dövlətin şiddət və üsyanlara qarşı onların yeməklərinə sakinləşdirici maddələr qatdığını düşünən məhkumlar yeməklərini özləri hazırlayır. Dövlətin verdiyi heç bir şeyi yemir, günlük menyularını hazırlayıb, yeməklərini bişirirlər.

Həbsxanada demokratik mühit də mövcuddur. Belə ki, seçki yolu ilə 8 komitə və başqan məhkumlar arasından seçilir. Seçilən lider qanunlara necə əməl edilməsinə nəzarət edir. Komitələr isə bələdiyyələr kimi fəaliyyət göstərir. Həbsxana daxilində iqtisadiyyata da xüsusi diqqət göstərilir. Hər məhkum işləmək, ixrac etmək məcburiyyətindədir. Çünki sadəcə bu yolla pul qazana bilirlər. Mağaza açırlar, təmir işləri görürlər, oyuncaq və başqa məhsullar hazırlayırlar, bir sözlə, hər işlə məşğul olurlar.

Təbii ki, bu qədər müsbət cəhətlərlə yanaşı məhkumların yaşadığı bir ərazidə münaqişələr də az olmur. Müxtəlif səbəblərdən hər ay həpsxanada 4 ölüm halı yaşanır. Polislər həbsxanaya çox nadir hallarda girir. Qadın və uşaqlara qarşı edilən hər hansı bir səhv məhbus üçün çox ağır nəticə verir. Hətta çox vaxt həmin şəxs öldürülür. Həbsxanaya gizli şəkildə turistlər də gələ bilər. Giriş haqqı 60 dollardır. Şəkil çəkmək qadağandır və saat 18:00-da həbsxananı tərk etmək lazımdır. Ancaq bol rüşvət verənlər məhkumlarla bir gecə keçirə bilər.
Bəlkə də, San Pedro qanunları, iqtisadiyyatı, turizmi olan dünyada tək həbsxanadır.
Günel Hacı







Son xəbərlər
Son Xəbərlər