“Qafqazinfo”nun məlumatına görə, rayonun Bum qəsəbəsində inşa edilən stend və ox atıcılığı kompleksində keçirilən tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov, “Qəbələ” İdman Klubunun vitse-prezidenti Elvin İsmayılov çıxış edərək yerli klubun bu yarışda ölkəmizi layiqincə təmsil edəcəyini bildiriblər.
Tədbirdə vurğulandı ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçirilən bu yarış Avropa və dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır və ölkəmizdə idmanın bu növü üzrə təşkil edilən ilk beynəlxalq turnirdir. “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı və Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə keçirilən Beynəlxalq Qran-pri yarışları avqustun 21-dək davam edəcək. Yarışda Azərbaycan, Avstraliya, Böyük Britaniya, Belarus, Finlandiya, Gürcüstan, Hindistan, İran, İtaliya, Küveyt, Qazaxıstan, Qətər, Rusiya və Özbəkistan idmançıları iştirak edirlər.
Ölkəmizi bu yarışda olimpiya çempionu Zemfira Meftahəddinova, “Qəbələ” İdman Klubunun vitse-prezidenti, dəfələrlə Azərbaycan çempionu Elvin İsmayılov, Azərbaycan Atıcılıq Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Qəbələ” Atıcılıq Klubunun texniki meneceri, dəfələrlə Azərbaycan çempionu Emin Cəfərov, dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova və başqaları təmsil edəcəklər. Ümumilikdə 150–yə yaxın idmançı dairəvi və səngər stend olimpiya atıcılıq növləri üzrə mübarizə aparacaqlar. Yarışlara avqustun 16-da start veriləcək.
Son xəbərlər
Son Xəbərlər