Bakı Jurnalistika Məktəbinə seçimlər həmişə əyləncəli olur. İstənilən ağılda, məntiqdə gənc gəlir. Ən maraqlı cavablar da “niyə jurnalist olmaq istəyirsən” sualına verilir.
Bu dəfə gənc xanımlardan biri dedi ki, jurnalistikaya gəlməkdə məqsədi yaxşı qazanmaq, ev sahibi olmaqdı.
Zəmanə uşaqlarıdi, nə deyəsən? Bizim gəncliyimizdə jurnalistika kasıb peşə hesab olunurdu. Bizi bu sahəyə sevgi, sentemental duyğular, ən uzağı macəra çəkərdi.
Qısası, hakimiyyətin media ilə bağlı gözləntiləri öz təsdiqini tapır, yeni gələnləri oliqarxların mediaya tökdüyü pullar, jurnalistlərə verdiyi evlər cəlb edir. Özü də bilirlər ki, bu arzularını gerçəkləşdirmək üçün çox əziyyət çəkmələrinə ehtiyac yoxdu. Gördüyünə göz yumub, hakimiyyətin dediyi tərzdə çatdırmağın kifayətdi.
Gənc xanımın jurnalistika ilə bağlı gözləntiləri o qədər çox idi ki, dözməyib hələ bir “jurnalistlərin ev almasına münasibətin necədir” sualını da verdik. Xanım “jurnalistlər də alimlər kimidir. Onlara ev verilməlidir. Alim alırsa, jurnalist də ev almalıdır” - cavabını verdi.
Məntiqlidir. Əgər başqalarına yazdırdığı elmi işlə alim, deputat adı alanlar evə, maşına, gözəl və firavan həyata sahiblənirlərsə, niyə başqasının iradəsilə yazan jurnalist bunlardan məhrum olmalıdır? Önəmli olan insanın bunları özünə rəva görməsidir. Davamı gələcək.
Maraqlısı odur ki, bütün dünyada utancverici hal kimi qəbul olunan şeylər bizdə şərəfli iş hesab olunur. Məsələn, normal ölkələrdə həkimə pul uzatmaq onu alçaltmaqdı. Bizdə isə həkim “alçalmaq” üçün sövdələşmə aparır. Müəllim hər yerdə ən hörmətli peşə hesab olunur, bizdə onlardan səsi oğurlamaq üçün istifadə edirlər.
Jurnalistlər dünyada “keşikçi köpək” kimi tanınır, bizdə əl quzusu rolundadır. Dünyada media simvolik olaraq “4-cü hakimiyyət” adlanır, bizdə isə “hakimiyyət” adını ciddi qəbul edib jurnalistə rüşvət verirlər. Hətta illərin jurnalistləri belə “4-cü hakimiyyət” anlayışının məcazi məna daşıdığının fərqində deyillər, hakimiyyətin qolları sırasına özlərini də daxil edirlər.
Bir sözlə, Azərbaycan dünyanın tərs səmtindədir. Ona görə də istənilən peşənin lazımlılıq parametrləri qazanılacaq, özü də qeyri-leqal qazanılacaq pullarla ölçülür. Təəssüf ki, bu pullarla həyatlarını qaranta almağa çalışanlar əvəzində nəyi itirdiklərinin fərqində deyillər...