Dünyanın üçüncü bucağına səfər

dunyanin-ucuncu-bucagina-sefer
Oxunma sayı: 938


Azərbaycanın siyasi kursunun hansı istiqamətdə olması barədə danışanda daima iki güc mərkəzi yada düşür. Şimal və Qərb. Amma reallıqda Azərbaycan iki qütb arasında deyil... 

Azərbaycanın birmənalı Qərbə üz tutmalı olduğunu həmişə gur səslə deyənlər olub, var və yəqin ki, bundan sonra da olacaq. Əslində bu, kimin üçünsə bir gəlir mənbəyi də hesab oluna bilər. 

Şimal meyllilər də həmişə olub. Qərbpərəstlərdən fərqli olaraq, Şimal tərəfdarları arzularını gur səslə deməyib və demir də. Əslində onların Şimal “sevgisinin” kökündə də korporativ maraqlar durur. 

Azərbaycan müstəqillik əldə etdikdən sonra hakimiyyətə gələn qüvvələr birmənalı Qərbə meylləndi. Və bu birmənalı seçim ölkədə vəziyyəti kifayət qədər gərginləşdirdi. Bu gərginliyin doğurduğu fəsadlar Azərbaycanı xeyli geri atdı. Şimal və Qərbin maraqlarının toqquşmasının vurduğu ən ciddi yara isə Qarabağın işğalı oldu. 1993-cü ilin ikinci yarısından sonra Heydər Əliyevin hakimiyyətə gəlməsi Şimal və Qərbin maraq toqquşmasını dayandırmalıydı. 

Azərbaycanın MDB-yə daxil olması, “Əsrin kontraktı”nın və NATO ilə əməkdaşlıq haqqında sazişin imzalanması ölkənin gələcək strateji hədəflərinə gedən yolda atılan ciddi addımlar idi. MDB reallığı Qərbi, “Əsrin kontraktı” və NATO ilə əməkdaşlıq isə təbii ki, Şimalı qıcıqlandırırdı. Amma Heydər Əliyevin balans yaradan siyasi kombinasiyaları Şimal və Qərbin Azərbaycanda toqquşmasına son qoydu. 90-cı illərin ikinci yarısından sonra Heydər Əliyev maraqların toqquşmasını dayandırıb, birləşməsini təmin edə bildi. Sözsüz ki, Azərbaycanda sabitlik və inkişaf bu faktordan çox asılı idi. Bu gün də Azərbaycan birmənalı nə Qərbin, nə də Şimalın çətiri altına girir. Rəsmi Bakı hər iki güc mərkəzi ilə müəyyən məsafə saxlamaqla öz maraqlarını təmin edə bilir. Doğrudur, bu siyasəti qərbpərəstlər bəyənmir və birmənalı siyasi kurs təklif edir. 

Amma Azərbaycanın 1992-ci ildə etdiyi bu səhvi 2014-cü ildə təkrarlayan Ukraynanın taleyi deməyə əsas verir ki, birmənalı siyasi kurs tələb edənlər yumşaq desək, yanılır. 

Amma Ukraynadan fərqli olaraq, Azərbaycan iki qütb arasında deyil. Azərbaycana təsir imkanı olan daha bir beynəlxalq güc var. 

Azərbaycan müsəlman ölkəsidir və bu faktorun təsirini nəzərə almadan heç bir uğurlu siyasətdən danışmağa dəyməz. Maraqlı cəhət ondadır ki, islam dünyası özü də birqütblu deyil. Bir tərəfdə Qərbə meydan oxuyan İran, digər tərəfdə isə dünyanın maliyyə və enerji daşıyıcıları baxımından nəhəng dövləti olan Səudiyyə Ərəbistanı. Azərbaycan isə həm İran, həm də Səudiyyə Ərəbistanının maraqlarının kəsişdiyi bir məkandır. 

Dünyada məzhəb ixtilafları olan bir vaxtda müxtəlif dini cərəyanların vətəndaşlıq hüququ qazandığı Azərbaycanda bu qüvvələrin sülh şəraitində yaşamasını təmin etmək, əlbəttə ki, asan başa gəlmir. Nəzərə alsaq ki, radikal dini cərəyanların da məhz yuxarıda adı çəkilən bu ölkələrdən idarə olunduğu barədə ciddi iddialar var? deməli, Azərbaycan İslam faktoruna daha həssas yanaşmalıdır. Azərbaycan prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri də Qərb və Şimalla yanaşı, dünyada gedən son proseslərə real təsir imkanları olan İslam faktoruna olan diqqətli yanaşmanın təzahür formasıdır.

Radikal islamın mövcudluğu və buna qarşı həm Qərbdən, həm də Şimaldan adekvat təpkilər ciddi siyasi-diplomatik addımlar tələb edir. Azərbaycanın bir müsəlman ölkəsi olaraq İslam aləmində uğurlu mövqe tutması istər Qərbdən, istərsə də Şimaldan diqqətlə izlənir. Rəsmi Bakının sivilizasiyaların qovşağı olmaq iddiasının arxasında məhz bu faktor dayanır. 

Azərbaycanın müsəlman dünyasında çəkisi artdıqca həm öz maraqlarını təmin etmiş olur, həm də Qərb və Şimal bu reallıqla hesablaşmaq məcburiyyətində qalır.  Məhz bu faktor həm də Azərbaycanda Qərblə, Şimalın maraqlarının toqquşmasını deyil, birləşməsini şərtləndirir. 

Məhz həm Qərbin, həm də Şimalın bu maraqlarını yaxşı bilən Heydər Əliyevin yanaşması Azərbaycanda mövcud olan İslam müxtəlifliyinin Qərb və Şimalla toqquşma nöqtəsi ola bilməsi ehtimalını sıfıra endirdi. Azərbaycan bu qüvvələrin toqquşma nöqtəsinə çevrilmədi. Əksinə, indi Azərbaycan təkcə Şimal və Qərbin yox, həm də Şimal, Qərb və Şərqin(İslam dünyasının) maraqlarının birləşdiyi bir güc mərkəzinə çevrilməkdədir. 

Beləliklə, Azərbaycan hazırda iki qütb deyil, üç bucaq arasındadır. Lakin vaxtında düşünülmüş strateji xətt və bu strategiyanın müasir reallıqlara çevik reaksiyası Azərbaycanı bu bucaqlar arasında sıxılmaqdan sığortalayır.

Müsəlman dünyasında, konkret olaraq Suriya, İraq və Yəməndə  gərilmiş əsəblər, ABŞ və Rusiyanın hələ də dil tapa bilmədiyi Ukrayna böhranı və hər üç güc mərkəzi ilə kifayət qədər normal münasibətləri olan Azərbaycan.

Məhz bu münasibətlərin nəticəsidir ki, alova bürünmüş bölgələrdən Azərbaycana “qığılcım sıçraması” baş vermir. Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına son səfərinə də məhz bu prizmadan yanaşmaq lazımdır.