"Qafqazinfo" bir qrup jurnalistin cəbhə bölgəsinə səfəri zamanı hazırlanmış reportajı təqdim edir:
"Atışma hərdən olur. Amma son vaxtlar kəsilib. Atışmadan qorxmuram! Yenə başlasa, qaçıb evdə oturaram”.
Bu sözləri 12 yaşlı Aytən Şirinzadə deyir. Müharibənin dəhşətlərini görməsə də, hər gün onun qorxusu altında yaşayan bu qız uşağının “əyninə biçilmiş sözlər” kimi görünməyə bilər dedikləri. Bəlkə də üzbəüz söhbət etməsəydim, ruhundakı saflığı, səmimiyyəti duymasaydım, bu sözlər, xüsusilə də “QORXMURAM!” pafos görünərdi mənə də. Amma hərəkətlərindəki, danışığındakı özünəgüvən səmimiliyinin şkalasıdı sanki və qarşısındakı insana ona inanmaqdan başqa yol saxlamır.
Ağdərə rayonunun erməni qoşunlarıyla təmas xəttindəki Həsənqaya kəndinin qonşuluğunda - Şəhriyar qəsəbəsində (əvvəlki Marquşevan kəndində) doğulub Aytən. Bu qəsəbədə bir zamanlar ermənilər yaşayıb. Qarabağ uğrunda şiddətli döyüşlərin getdiyi ərazidi bura. Mərmi zərbələrindən geriyə sadəcə xarabalıq qalıb. Adam əraziyə ayaq basanda düşünür: cinlərin at oynatdığı yer buradı bəlkə?.. Ya da bəlkə biz Suriyaya gedib çıxmışıq? Bax, bu cür yerdə, o sınıq-salxaq daxmalardan birində böyüyür Aytən.
Müharibənin dəhşətini hər gün eşitdiyi atəş səslərindən anlayan qızcığaz onun yenidən başlanmasını istəmir. Özü atışmadan qorxmadığını təkrar-təkrar desə də, “əsgərlərin ölməsini istəmirəm” – söyləyir. Hətta ermənilərlə qonşu kimi yaşamağa da hazırdı. Ancaq hələ bilmir barışıq olarsa, erməni həmyaşıdları ilə rəfiqəlik edə bilər, ya yox...
“Hara gedəcəyik guya?”
...Həsənqaya kəndi ermənilərlə təmas xəttində yerləşsə də, Şəhriyar qəsəbəsiylə müqayisədə, burada yaşayış gurdu. Təxminən 30 ailənin məskunlaşdığı kənddir Həsənqaya. Sakinlərinin, demək olar ki, hamısı 1993-cü ildə Kəlbəcərdən qaçqın düşənlərdi.
Natiq Həsənov da o 30 ailədən birinin başçısıdı. Kəlbəcər işğal olunarkən ailəliklə Xanlar rayonuna gəliblər. Sonradan isə göndərişlə Həsənqaya kəndinə köçürülüblər. 1994-cü il, mayın 2-də kəndə “Qrad” mərmisinin düşməsi nəticəsində iki oğlu və qardaşı qızının qulaqları tutulub, nitqlərində qüsur yaranıb. Əvvəlki illərlə müqayisədə yaşayışlarının xeyli düzəldiyini deyir, ancaq problemləri xirtdəyədəkdi: “Yaşayışımız çox çətin olub. İllərlə su, elektrik enerjisi üzünə həsrət qalmışıq. Bu yaxınlarda Qırmızı Xaç Cəmiyyətinin əməkdaşları gəlib burada vəziyyətimizi gördülər və artezian qurğusu qurdular. Biz bura köçəndə Sərdar Həmidov Tərtər rayon İcra Hakimiyyətinin başçısı idi. Ona söz verdik ki, nə olur-olsun, bu kəndi boşaltmayacağıq. Hara gedəcəkdik ki, guya? Fikirləşirdik ki, Kəlbəcərə geri qayıdarıq. Ona görə heç yana getmədik, qaldıq burda”.

Həmsöhbətim bildirir ki, Milli Ordunun əsgərləri ön xətdə möhkəm dayansalar da, təmas xəttində yaşamağın həyəcanını daim hiss edirlər: “Ona görə kənddə çox abadlıq işi aparmırıq. Yaxın gələcəkdə problemin həll olunacağına ümid edirik. Bütün münaqişələrin həlli sülhdən keçir. Adicə iki qonşu dalaşanda onları barışdırmasan, o qonşuluğun axırı olmur. Bu vəziyyətdə nə qədər yaşamaq olar? Bax, bu ərazilər susuzluqdan əziyyət çəkir. Çünki ermənilər bu kəndə gələn suyun – Tərtərçayın qarşısını işğal etdikləri ərazidə kəsiblər, özlərini hegemon hesab edirlər. Biz o qədər zəifik ki, erməni bizi suya həsrət qoyur?”.
Natiq Həsənov sülhün tərəfdarıdı, ancaq sülh olacağı təqdirdə də əvvəlki illərdəki kimi mehriban qonşuluğun olacağına inanmır. Fikrini də öz həyat təcrübəsiylə əsaslandırır: “Bizim nəsil onların törətdiklərinin canlı şahidiyik. Bir toxum yerə düşürsə, o, nə vaxtsa cücərir axı. Dünən bizim başımıza gətirilənlər sabah nəvə-nəticələrimizin, gələcək nəsillərimizin başına gətirilə bilər. O vaxt Kəlbəcərə yol Ağdərədən keçirdi. Çox gəlib-gedirdik, ermənilərlə yol yoldaşı olurduq. Hələ o dövrdə adicə avtobusda ermənicə danışanda xoşumuza gəlmirdi. Çünki dillərini bilmirdik və nə danışdıqlarını anlamırdıq”.
Zeynəb İsgəndərova da Kəlbəcərdən qaçqın düşüb. 1993-cü ilin aprelindən Həsənqayada yaşayır. Müharibənin dəhşətli görmüş, yaşamış bu ahıl qadın üçün atəş səsləri adiləşib artıq. Kəlbəcərin Təkə qayası kəndində qoyub gəldiyi evinin, bağ-bağatının həsrətini çəkir, geriyə qayıdacağı günü gözləyir hələ də. Baxmayaraq ki, bu şəraitdə hələ neçə il yaşayacaqlarını da bilmir: “Kəlbəcəri tərk edəndə Murov dağını aşarkən elə atışmalar görmüşük ki, burdakı atışmalar bizi qorxutmur... Sonuncu dəfə keçən il atışma olub burda. Gələcəyimizin necə olacağını biz də bilmirik. İçimizdə ümid var ki, torpaqlarımız qayıdar, gedərik öz yurd-yuvamıza”.
Müharibənin qan-qadasını görüb deyə, savaşın yenidən başlamasını istəmir. Amma müharibə olacağı təqdirdə Azərbaycanın qalib gələcəyinə də əmindi. “Müharibə olsa, Azərbaycanın qoçaq oğlanları çoxdu, torpaqlarımızı geri ala bilərlər. Amma şəxsən mən müharibənin olmasını istəmirəm. Müharibə kimə xeyir verib ki? Heç kimə. Heydər Əliyevə Allah rəhmət eləsin, o olmasaydı, hamımızı qırıb Kürə tökmüşdülər. İlham Əliyev də onun davamçısıdı. Əminik ki, o da bizi qırğına verməz” – deyir Zeynəb İsgəndərova. Ardınca da ermənilərlə qonşu olduqları, sevinclərini, kədərlərini, hətta çörəklərini paylaşdıqları günləri xatırlayır. Xatırlayır xatırlamasına, ancaq o mehbibanlığın bir də yaranacağına heç inanmır. Onun da əsaslandırması yaşadıqlarına və gördüklərinə söykənir: “Ermənilərlə bir yaşamışıq, süfrəmiz bir olub, çörəyimizi paylaşmışıq. Amma çətin ki, bir də elə mehribanlıq olsun aramızda. Düşmənin heç vaxt dost olmadığını göstərdilər bizə. Azərbaycana çox ziyan vurublar, çox insanımızı öldürüblər. Bir şərtlə Azərbaycanda yaşamalarına icazə vermək olar ki, Azərbaycanın vətəndaşlığını qəbul edələr, Azərbaycanın qanunlarına tabe olalar. Amma açıq deyirəm, mən onlarla bir də qonşu kimi yaşaya bilmərəm...”
“Erməni rəfiqəmin olmasını istəmirəm”
13 yaşlı Turanə Həsənova isə nə müharibə görüb, nə də erməni. Ancaq deyəsən ermənilərlə bağlı təəssüratının formalaşmasına oxuduqları, böyüklərindən eşitdikləri bəs edib. Deyir ki, sülhün olmasını istəməyən ermənilərdi və onlarla birlikdə yaşamaq mümkün deyil: “Məncə, ermənilər torpaqlarımızı qaytarmaq, sülh yaratmaq istəmirlər. Buna görə pis millətdilər. Torpaqlarımızı qaytarsalar, yenidən bir yerdə yaşaya bilərik. Amma erməni rəfiqəmin olmasını istəmirəm”. Torpaqlarımızın müharibə yox, sülh yoluyla qaytarılmasını istəyən Turanənin fikrincə, Dağlıq Qarabağ münaqişənin səbəbkarı heç də təkcə ermənilər deyil, həm də onların arxasında dayananlardı.

Həsənqaya kənd məktəbinin təmir işlərində yaxından iştirak edən məktəbin qarovulçusu Lətif Həsənov Kəlbəcərdə doğulsa da, Ağdam şəhər sakinidi. Ermənilərlə qonşuluq da edib, hərbi xidmətdə də olub. Əsgəlikdə yaşadığı bir hadisəni danışaraq giriş verir münaqişəylə bağlı mövzuya: “SSRİ dövründə ermənilərlə münasibətimiz yaxşı idi. Çita Respublikasının Ulan-Ude şəhərində hərbi xidmətdə olmuşam. Əsgər yoldaşlarımdan 16-sı erməni idi, yeganə azərbaycanlı mən idim. Azərbaycan dilini bilirdi hamısı. Neçə dəfə xahiş etmişdim ki, mənə də erməni dilini öyrədin. Tandilyan soyadlı biri vardı, deyirdi ki, Lətif, səninlə Azərbaycan dilində danışdığımı, sənə erməni dilini öyrətdiyimi bilsələr, mənim başımı kəsərlər. Erməni millətinin belə hiyləgər nümayəndələridi torpaq iddiasını ortaya atanlar, torpaqlarımızı işğal edənlər”.
Həmsöhbətimin erməni millətinə etibarı o dərəcədə sarsılıb ki, yenidən birlikdə yaşamağı birmənalı şəkildə düşünmür. Fikirləşir ki, hazırkı münaqişə istər sülh, istərsə də müharibə yolu ilə həll olunsa belə, illər keçəcək və qarşı tərəf yenidən ərazisini genişləndirmək istəyinə düşəcək: “Bu münaqişənin axırı yoxdu. Ermənilər hər 50-60 ildən-bir torpaqlarımızı işğal edə-edə özlərinə dövlət qurublar. Sülh olsa da, nə vaxtsa yenidən bu torpaqlara iddiaları baş qaldıracaq. Bizim ümidimiz yalnız prezidentimizə və böyük dövlətlərədi ki, torpaqlarımızı qaytarsınlar. Nə vaxta kimi bir ovuc erməni torpaqlarımızı işğal-edə-edə ərazilərini böyüdəcək?”
Lətif bəy hesab edir ki, bu məsələdə Azərbaycan haqlı, bununla belə, ziyan çəkən tərəfdi: “Azərbaycanda yəhudilər, tatarlar, ləzgilər, talışlar.., onlarla millətin nümayəndələri yaşayır, onlar niyə torpaq iddiası qaldırmırlar? Üstəlik, ermənilərin ərazi davası təkcə bizimlə deyil axı. Onlar qonşuluqlarındakı digər ölkələrlə də torpaq davası aparırlar”.
Onun fikrincə, bu problem hələ uzun illər həllini tapmayacaq. Hesab edir ki, münaqişənin sülh yoluyla həlli mümkün görünmür. Buna görə də çıxış yolu yalnız və yalnız müharibədi: “Çox şey istəmirik ki. Bizim işğal olunmuş torpaqlarımızı geri qaytarsınlar. Səfərbərlik olsa, içi mən qarışıq, hamımız döyüşməyə hazırıq. Göyçəni, Zəngəzuru əlimizdən aldılar, indi də Qarabağı almaq istəyirlər. Azərbaycanı hissə-hissə parçalayırlar. Neçə ildi Prezident İlham Əliyev torpaqlarımızın sülh yoluyla qaytarılmasını istəyir, bu yöndə iş aparır. Amma nəticəsi yoxdu. Bu problemin bircə çıxış yolu var: müharibə! Sülh yoluyla erməni heç vaxt torpaqlarımızı qaytarmayacaq. Çətin vəziyyətə düşüb sülh bağlasalar belə, əmin olun, nə vaxtsa yenidən torpaq davasını başladacaqlar”.
Həsənqayadakı sonuncu müsahibim Yaşar Məmmədov Kəlbəcər rayonun Ağdaban kəndindən qaçqın düşüb. Hazırda Həsənqaya kənd orta məktəbinin müəllimidi. Tarixdən misallar çəkir və gəldiyi nəticəni deyir: “Tarix boyu bütün müharibələrin sonu sülhlə bitib. Bizə də sülh lazımdı. Amma ermənilər torpaqlarımızı qaytardıqdan sonra. Biz öz haqqımız olan ərazilərimizi istəyirik”. Yaşar müəllim Sovetlər Birliyindəki kimi ermənilərlə qonşuluq və dinc şəraitdə yaşamağın əleyhinə də deyil. Ancaq bir şərtlə: “Lap keçmişdəki kimi yaşaya bilərik. Ancaq gərək əvvəlcə işğal etdikləri torpaqlarımızdan qoşunlarını geri çəkib sülh müqaviləsinə imza atalar”.
Saleh Arslan
Fotolar Famil Mahmudbəylinindir