Əbülfəs Qarayev Londonda görüş keçirdi

Əbülfəs Qarayev Londonda görüş keçirdi
Oxunma sayı: 530

Mədəniyyət naziri Əbülfəs Qarayev Londonda Britaniya Şurasının İncəsənət Şəbəkəsinin (Arts Network) direktoru Karoline Mebay (Caroline Meaby) ilə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə 2019-cu ildə Britaniya Şurası ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilmiş tədbirlər və gələcək planlar barədə müzakirələr aparılıb.

Ə.Qarayev bildirib ki, ötən bir il müddətində ölkədə yaradıcı sənayenin inkişaf etdirilməsi ilə bağlı bır sıra addımlar atılıb, “Kreativ Azərbaycan” portalı və loqosu təsis olunub. Loqo bu sahədə fəaliyyətlərin əlaqələndirilməsinə və vahid istiqamətdə həyata keçirilməsinə imkan verir. Nazir Britaniya Şurası ilə birgə “Creative Spark” proqramı çərçivəsində layihə həyata keçirildiyini qeyd edib. O, həmçinin ümumilikdə yaradıcı sənayelərlə məşğul olan biznes nümayəndələri və fərdlərlə bir sıra layihələrin reallaşdırıldığını bildirib.

Karoline Mebay Britaniya Şurasının Azərbaycandakı Nümayəndəliyi ilə ölkədəki tərəfdaş dövlət qurumları və Mədəniyyət Nazirliyi arasında əməkdaşlıqdan məmnun olduqlarını qeyd edərək Britaniya Şurasının fəaliyyətinə göstərilən dəstəyə görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirib. O qeyd edib ki, hazırda Britaniya Şurası bir sıra ölkələrdə maraqlı layihələr həyata keçirir. Bu layihələrdən ən əhəmiyyətlisi “Crafting Futures” layihəsidir. Layihə yaradıcı bizneslə məşğul olan insanlara və təşkilatlara bu sahədə bilik və bacarıqların öyrədilməsi ilə bağlı dəstək göstərməkdən ibarətdir. K.Mebay layihə ilə əlaqədar Azərbaycana da səfərin təşkil olunduğunu qeyd edib.

Görüşün sonunda gələcək əməkdaşlıq üçün irəli sürüləcək təşəbbüs və layihələrin qarşılıqlı mübadiləsi barədə razılıq əldə olunub.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi