Əbülfəs Qarayev müşavirə keçirdi

ebulfes-qarayev-musavire-kecirdi
Oxunma sayı: 1523

Noyabrın 30-da Cəlilabad rayonundakı Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş respublika müşavirəsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müşavirədə mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavini Rafiq Bayramov, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, nazirliyin müvafiq struktur əməkdaşları, 15 regional mədəniyyət idarəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisləri, nümayəndələri iştirak edib.

Müşavirədə çıxış edən Əbülfəs Qarayev ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti haqqında ətraflı danışıb. Vurğulayıb ki, son illərdə həyata keçirilən islahatlar nəticəsində mədəniyyət sahəsinin inkişaf səviyyəsi, idarəçiliyinin təkmilləşdirilməsi daha da yüksəlib.


Nazir bildirib ki, bu gün Azərbaycan mədəniyyəti dünyada geniş miqyasda təbliğ olunur: “Bütün bunlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri, bu sahəyə diqqət və qayğısı sayəsində mümkün olub. Azərbaycan xalqının yaratdığı mədəniyyət nümunələri UNESCO səviyyəsində də öz layiqli yerini tutmaqdadır. Bu günlərdə mədəni irsimizlə bağlı daha iki nümunə - Yallı rəqsi və “Dədə Qorqud” dastanı ilə bağlı nominasiyalar bəşəriyyətin xəzinəsinə daxil edildi”.

Diqqətə çatdırılıb ki, ötən illərdə qeyri-maddi mədəni irsimizin nümunələri – Azərbaycan muğam ifaçılığı, aşıq sənəti, xalça sənəti, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, Novruz bayramı, tar ifaçılığı, kəlağayı sənəti  UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına, çövkən – ənənəvi Qarabağ atüstü oyunu isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Həmçinin İçərişəhər və Qobustan UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.
Nazir vurğuladı ki, bu sahədə həyata keçirilən tədbirlər qarşıdakı illərdə davam etdiriləcək və xalqımızın digər mədəni irs nümunələri də UNESCO-nun müvafiq siyahılarında yer alacaq.

Sonra Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli “Regional idarələrin fəaliyyəti: nailiyyətlər, problemlər və vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, nazirliyin regional idarələrinin yaradılmasından iki il ötür. Bu sahədə həyata keçirilən islahatlar nəticəsində yerlərdə mədəniyyət sahəsində idarəçiliyin təkmilləşdirilməsi, maliyyə vəsaitlərindən düzgün istifadə olunması ilə bağlı bir sıra müsbət nəticələr əldə edilib. Şöbə müdiri həmçinin problemlər və qarşıda duran vəzifələr haqqında da geniş məlumat verib.

Müşavirədə daha sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov və digərləri çıxış edərək ötən müddət ərzində həyata keçirilən işlər haqqında məlumat veriblər.

Müşavirəyə yekun vuran nazir Əbülfəs Qarayev regional idarələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, müşavirə Gəncə, Sumqayıt, İsmayıllı, Xaçmaz və Horadizdəki mədəniyyət müəssisələri ilə videobağlantı vasitəsilə canlı yayımlanıb.