Əbülfəs Qarayev Odre Azuleylə görüşdü

ebulfes-qarayev-odre-azuleyle-gorusdu
Oxunma sayı: 728

Parisdə UNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyası çərçivəsində mədəniyyət naziri Əbülfəs Qarayev təşkilatın baş direktoru Odre Azuleylə görüşüb.

Mədəniyyət Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, görüşdə Odre Azuley Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yüksək səviyyədə təşkil edilməsi ilə əlaqədar Əbülfəs Qarayevə təşəkkürünü bildirib. Baş direktor Azərbaycana ilk səfəri zamanı Birinci vitse-prezident, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə görüşdən xoş təəssüratlarla ayrıldığını qeyd edib.

Əbülfəs Qarayev, öz növbəsində bu ilin noyabrın 19-da UNESKO-nun baş qərargahında keçirilmiş Mədəniyyət nazirləri Forumunun əhəmiyyətini qeyd edərək forumun formatının ölkəmiz tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

Nazir Bakı şəhərinin UNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilməsinə görə təşəkkürünü bildirib və hazırda bununla bağlı bir sıra işlərin həyata keçirildiyini söyləyib.

Görüşdə yaradıcı sənayelərin inkişafı və bu istiqamətdə UNESKO ilə birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.