Əbülfəs Qarayev Parisdə həmkarları ilə görüşdü - Fotolar

ebulfes-qarayev-parisde-hemkarlari-ile-gorusdu
Oxunma sayı: 769

Mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin Forumunda iştirak məqsədilə Parisə səfəri çərçivəsində Kuba və Bəhreynin Mədəniyyət nazirləri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Kubanın Mədəniyyət naziri Alpidio Alonso Grau ilə keçirilən görüşdə nazir Əbülfəs Qarayev iki ölkə arasında mövcud olan Hökumətlərarası Komissiyanın sədri kimi Mədəniyyət Nazirliyinin Azərbaycan ilə Kuba arasında yalnız mədəniyyət sahəsində deyil, digər sahələrdə də əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.  

Görüşün sonunda nazir Şəki və onun tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsində və Ümumdünya İrs Komitəsinin Bakıda keçirilmiş 43-cü sessiyasında göstərilən dəstəyə görə Kuba tərəfinə təşəkkürünü bildirib.

Daha sonra Bəhreynin Mədəniyyət naziri Şeixa Mai bint Mohamed Əl-Xəlifə ilə görüş keçirilmişdir. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu bildirilmiş və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Nazir Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycanın 2018-2019-cu illər üzrə Ümumdünya İrs Komitəsinə sədrlik edəcəyi Komitənin Bəhreyndə keçirilmiş 42-ci sessiyası zamanı qərara alınmışdır. Nazir, həmçinin Bəhreyn tərəfinin Bakıda keçirilən sessiya zamanı Şəki və onun tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsində dəstək göstərdiyini qeyd edərək qarşı tərəfə təşəkkürünü bildirib.

Görüş zamanı iki ölkə arasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi məsələsi də müzakirə edilib. 

Nazir Əbülfəs Qarayev Bəhreynin Muhərrəq şəhərinin UNESKO-nun Yaradıcı şəhərlər Proqramına daxil edilməsi münasibətilə həmkarını təbrik edib və Bakı şəhərinin də bu proqrama daxil edildiyini və bunun iki şəhər arasında əməkdaşlığın inkişafı üçün platforma olacağını qeyd edib.