Bu gün Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Salyanda vətəndaşları qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbula Salyan, Biləsuvar, Hacıqabul, Neftçala, Cəbrayıl rayonları və Şirvan şəhərindən vətəndaşlar gəlib. Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarix və mədəniyyət abidələrinin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.
Qəbula gələn vətəndaşları dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib. Nazir jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığı ilə hər ay təşkil olunan belə görüşlər əhali ilə canlı ünsiyyət, bir çox məsələlərin yerindəcə həlli baxımdan çox vacibdir. Görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflər irəli sürülür. Budəfəki qəbulda da aktual məsələlərə toxunulduğunu vurğulayan nazir mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərin yeni ekspozisiyalarla, incəsənət məktəblərinin tədris vəsaitləri ilə təmin olunması, regionların turizm imkanlarının təbliğinə dair təkliflərin bu qəbildən olduğunu deyib. Nazir vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib.
Son xəbərlər
Son Xəbərlər