Əbülfəs Qarayev Sam Kliger və Rafael Nektalovla görüşüb

ebulfes-qarayev-sam-kliger-ve-rafael-nektalovla-gorusub
Oxunma sayı: 720

Oktyabrın 30-da Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan ABŞ yəhudi icmasının nümayəndələri –lobbiçilik xidməti üzrə fəaliyyət göstərən AJC təşkilatının Rusiya və Avrasiya məsələləri üzrə direktoru Sam Kliger və “Bukharian Times” qəzetinin baş redaktoru Rafael Nektalov ilə görüşüb.

Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, nazir Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətindən danışaraq ölkə mədəniyyətinin təbliği istiqamətində görülən işlər haqqında qonaqlara məlumat verib. Qeyd edilib ki, tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan zəngin mədəniyyətə, tarixi və arxeoloji abidələrə sahibdir. Bu irsin qorunması, bərpası və təbliği sahəsində müxtəlif layihələr gerçəkləşdirilir. Nazir həmçinin Ermənistanın ölkəmizə hərbi təcavüzündən söz açaraq işğal olunmuş torpaqlarımızda xalqımızın mədəni isinin talan edildiyini, tarixi-mədəni abidələrin dağıdıldığını diqqətə çatdırıb.

Sam Kliger Azərbaycan xalqı və yəhudi icması arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qonaq qeyd edib ki, bu əlaqələrin nəinki mədəniyyət, bütün sahələrdə gücləndirilməsinə xidmət edəcək birgə layihələrin reallaşdırılması lazımdır.

Tərəflər müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduqlarını bildiriblər.