Əbülfəs Qarayev videoqəbul keçirdi - Foto

ebulfes-qarayev-videoqebul-kecirdi
Oxunma sayı: 2396

Bu gün Mədəniyyət naziri Əbülfəs Qarayev videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, videoqəbulda nazir müavini Rafiq Bayramov, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, nazirliyin Aparat rəhbəri Fikrət Babayev, regional idarələrin rəisləri və nazirliyin digər məsul əməkdaşları iştirak edib.

Əbülfəs Qarayev əvvəlcə ölkə ərazisində koronavirus infeksiyasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb, vətəndaşlarımızın dövlət tərəfindən tətbiq edilən xüsusi qaydalara əməl etməsinin vacibliyini qeyd edib.

Eyni zamanda Mədəniyyət Nazirliyi tərəfindən başladılan layihə və təşəbbüslərin ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığı diqqətə çatdırılıb. Nazir mədəniyyət işçilərini yaranmış vəziyyətdən səmərəli istifadə edərək öz yaradıcılıqlarını inkişaf etdirməyə, bütövlükdə ölkəmizin mədəni həyatının daha da zənginləşməsinə töhfə verməyə çağırıb.

Daha sonra vətəndaşların bütün müraciətləri dinlənilib, qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Bəzi xahişlər həll edilib, digər müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması üçün müvafiq tapşırıqlar verilib.

Əbülfəs Qarayev sonda bir daha videoqəbulun keçirilməsinin əhəmiyyətini vurğulayaraq, vətəndaşlarla birbaşa qəbullarla yanaşı, bu formada ünsiyyətin də gələcəkdə davam etdirilməsinin vacibliyini qeyd edib.