Əbülfəs Qarayevin Parisdə qatıldığı tədbirdə erməni təxribatı

ebulfes-qarayevin-parisde-qatildigi-tedbirde-ermeni-texribati
Oxunma sayı: 3061

Parisdə səfərdə olan nazir Əbülfəs Qarayev 27 noyabr tarixində UNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, Ümumdünya İrs Komitəsinin sədri kimi nazir Əbülfəs Qarayev 2018-2019-cu illər ərzində görülən işlər və Komitənin 43-cü sessiyasında qəbul edilən qərarlarla bağlı hesabatla çıxış edib.

Əbülfəs Qarayev Komitənin 30 iyun tarixində keçirilmiş açılış mərasiminə toxunaraq tədbirin UNESKO-nun baş direktoru xanım Odre Azuleyin, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, UNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və digər yüksək səviyyəli rəsmilərin çıxışları ilə yadda qaldığını qeyd edib.

İclasda Ermənistan nümayəndə heyəti hər zamankı kimi təxribata əl atıb. Nümayəndə heyəti bildirib ki, Ermənistan nümayəndə heyəti üçün təhlükəsizlik şərtləri təmin edilmədiyindən Komitənin Bakıda keçirilmiş sessiyasında iştirak mümkün olmayıb. Azərbaycan nümayəndə heyəti ermənilərin ənənəvi təxribatına qarşı cavab olaraq bildirib ki, Komitənin 43-cü sessiyasının ölkəmizdə keçirilməsi UNESKO ilə Azərbaycan Hökuməti arasında imzalanmış müqavilə və öhdəliklər toplusu ilə tənzimlənib və bu çərçivədə Azərbaycan UNESKO-nun bütün üzv ölkələri və tərəfdaş təşkilatları üçün eyni şərtləri və şəraiti təmin edib. Qeyd olunub ki, Ermənistan tərəfi ənənəvi olaraq ölkəmizdə keçirilən bütün tədbirlərlə bağlı pozucu mövqedən çıxış edir. Azərbaycan nümayəndə heyəti, həmçinin UNESKO rəhbərliyi və iştirakçıları tərəfindən tədbirin keçirilməsi səviyyəsinə qiymətini verildiyini və bunun Ermənistan tərəfinin iddialarına cavab olduğunu bildirib.

Tədbir çərçivəsində nazir Əbülfəs Qarayev həmçinin UNESKO-nun sabiq baş direktoru Koicuru Matsuura ilə görüş keçirib.