Əcnəbi QHT-lər üçün yeni qrant müsabiqə

ecnebi-qht-ler-ucun-yeni-qrant-musabiqe
Oxunma sayı: 869


QHT-lər aşağıda göstərilən 5 mövzu üzrə tam layihə təkliflərini təqdim etməyə dəvət edilir:

1. Azərbaycanda multikulturalizm ənənələri və dünyəvilik

Müsabiqəyə qatılan QHT-lər müxtəlif konfrans, seminar, dəyirmi masa, mübadilə proqramları və s. təşkil etməli və müvafiq məqalələr hazırlayaraq mövzu ilə bağlı geniş ictimaiyyəti məlumatlandırmalıdır.


Təqdim edilən layihələrdə Azərbaycanda mövcud olan multikulturalizmin və dünyəviliyin təcrübəsi öyrəniləcək və ölkəmizdə bu siyasətin uğurla həyata keçirilməsində rol oynayan başlıca faktorlar QHT-lər tərəfindən hərtərəfli şəkildə işıqlandırılacaq. Müsabiqəyə qatılan QHT-lər Azərbaycanda və öz ölkəsində olan təcrübəni müqayisə edəcəklər və hər iki ölkənin ortaq dəyərləri və ümumi maraqlarını araşdıracaqlar. Layihənin uğurla həyata keçirilməsi üçün müsabiqəyə qatılan xarici QHT-lərin Azərbaycan QHT-ləri ilə əməkdaşlığı nəzərdə tutulur.

Bu layihələr üçün ayrılacaq maksimum məbləğ 100.000 ABŞ dollarıdır.

2. Azərbaycanda səmərəli idarəetmə və elektron hökumətin tətbiqi təcrübəsi

Müsabiqəyə qatılan QHT-lər Azərbaycanda informasiya – kommunikasiya texnologiyalarının tətbiqinin dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artmasına təsiri barədə konfrans, seminar, dəyirmi masa və mübadilə proqramları təşkil edəcəklər və məqalələr hazırlayacaqlar.

Eyni zamanda QHT-lər Azərbaycan hökümətinin cəmiyyətin hazırki və gələcək ictimai ehtiyaclarının demokratik normalara uyğun şəkildə təminatı məsələsi, korrupsiyanın minimuma endirilməsinə istiqamətlənən uğurlu siyasəti, qərarların qəbulunda bütün əhali kateqoriyalarının,

o cümlədən milli azlıqların maraqlarını nəzərə alınması, hər bir vətəndaşın fikrini azad şəkildə ifadə edə bilməsi üçün uyğun şərait yaratması barədə araşdırma aparacaqlar.

Mövzu üzrə müsabiqə iştirakçıları Azərbaycanın informasiya- kommunikasiya texnologiyaları sahəsində qazandığı uğurları, İKT-nin tətbiqinin dövlət qurumlarının bir-bir ilə, vətəndaşlarla və biznes subyektləri ilə əlaqələrinin sadələşməsində oynadığı rolu və bu istiqamətlərdə əldə edilən nailiyyətlər araşdırılacaq.

Müsabiqə iştirakçıları Azərbaycanın effektiv idarəetmə və İKT təcrübəsini öz ölkələri ilə müqayisə edəcək, mümkün əməkdaşlıq yolları və mübadilə proqramına dair təkliflərini Şuraya təqdim edəcək. Layihənin uğurla həyata keçirilməsi üçün müsabiqəyə qatılan xarici QHT-nin Azərbaycan QHT-si ilə əməkdaşlığı nəzərdə tutulur.

Bu layihələr üçün ayrılacaq maksimum məbləğ 100.000 ABŞ dollarıdır.

3. Azərbaycan və I Avropa Oyunları (Bakı, 2015)

Müsabiqəyə qatılacaq QHT-lər öz ölkələri üçün Azərbaycanın 2015-ci ildə Bakıda keçirilməsi planlaşdırılan I Avropa Oyunlarına hazırlıq prosesi, ölkəmizin indiyədək mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi sahəsində qazandığı təcrübə və imkanlarının analiz olunduğu məqalələr hazırlayacaq. Yazılarda “Azərbaycanın bu nəhəng yarışı keçirməyə qərar verməsi hansı faktorlarla bağlıdır? Ölkəmizin bu cür irimiqyaslı tədbirə ev sahibliyi etmək bacarığı gələcəkdə beynəlxalq idman komitələrinin Azərbaycanın bu sahədə irəli sürəcəyi digər təşəbbüslərə verəcəyi dəstəyi artıra bilərmi?” suallarına da dolğun cavab veriləcək.

Müsabiqədə iştirak edən xarici QHT-lər yerli QHT-lərlə birgə I Avropa Oyunlarının dostluq, həmrəylik, bərabərlik və ədalətli oyun kimi başlıca ideyalarının təbliği məqsədi ilə müxtəlif tədbirlər təşkil edəcəklər (qapalı və açıq havada idman oyunlarının keçirilməsi, I Avropa oyunları və ölkəmiz haqqında qısa tanıtım video çarxlarının nümayişi, Azərbaycanda və müsabiqə iştirakçısının ölkəsində fləşmobların keçirilməsi və s.). QHT-lər layihəni uğurla icra etmək məqsədi ilə ictimai birlikləri, jurnalistləri, idman assosiyasiyalarını və veteran olimpiyaçıları keçiriləcək tədbirlərdə fəal iştiraka cəlb edəcəklər. Bu layihələr üçün ayrılacaq maksimum məbləğ 100.000 ABŞ dollarıdır.

4. Azərbaycanla bağlı tədqiqat işi müsabiqəsinin təşkili

Şuradan dəstək alan xarici QHT-lər öz ölkələrində magistratura və doktorantura pillələri üzrə təhsil alan tələbələr arasında Azərbaycanla bağlı təhqiqat işi müsabiqəsi barədə məlumat yayacaqlar. Müsabiqə Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, siyasəti, beynəlxalq əlaqələri, həmçinin ərazi bütövlüyü məsələlərini əhatə edəcəkdir.

Magistratura və doktorantura üzrə təhsil alan tələbələr yuxarıda qeyd olunan mövzular üzrə araşdırmalar aparmalı və hazırladıqları işi müvafiq QHT-yə təqdim etməlidir. Tədqiqat işi əsasən ingilis, fransız və alman dillərində qəbul edilir. Bununla yanaşı müəllif təmsil etdiyi dövlətin dilində də tədqiqat işini təqdim edə bilər.

Layihənin koordinasiyası, qiymətləndirilməsi və icrası ilə QHT müstəqil şəkildə məşğul olacaq. Qalibi isə təqdim edilən yazıların içərisindən müstəqil beynəlxalq komissiya seçəcək.

Ən yaxşı yazılar Şura tərəfindən pul mükafatına layiq görüləcək (Birinci yer $5000, ikinci yer $3000 və üçüncü yer $1500). Mükafatlar QHT tərəfindən təşkil olunan xüsusi tədbir zamanı təqdim olunacaq. Layihənin icrası sona çatandan sonra, bütün qaliblər Azərbaycanda müsabiqənin yekunlarına həsr olunmuş tədbirdə iştirak edəcəklər.

Tədqiqatçılar qalib olduqları mövzular üzrə fəlsəfə doktoru (və ya elmlər doktoru) dərəcəsi almaq üçün müvafiq elmi işlərini davam etdirəcəkləri təqdirdə Şura tərəfindən təqaüdlə təmin oluna bilər.

Bu layihə üçün ayrılacaq maksimum məbləğ 30.000 ABŞ dollarıdır.

5. Azərbaycan haqqında informasiya portalının yaradılması

Müsabiqədə iştirak edən QHT-lər Azərbaycandakı tərəfdaşının köməkliyi ilə ölkəmiz haqqında geniş məlumat portalı yaradacaqdır. Həmin portal iki ölkənin tarixi, iqtisadiyyatı, mədəniyyəti və siyasi münasibətlərindən də bəhs edəcək. Məlumat portalı hər iki ölkənin ictimaiyyətinə xidmət edəcək və ölkələr arasında dialoqu, dostluğu və ümumi dəyərləri təşviq edəcək. Layihənin uğurla həyata keçirilməsi üçün Şura portalın yaradılmasında müsabiqədə iştirak edən QHT-yə hərtərəfli dəstək göstərəcək. Müsabiqədə iştirak edən QHT ən azı iki il müddətində informasiya portalınının fasiləsiz fəaliyyətini təmin etməli və saytdakı xəbərləri həftə ərzində bir neçə dəfə yeniləməlidir. QHT həmçinin layihə müddəti başa çatandan sonra informasiya portalının davamlılığının təmin edilməsi barədə Şuraya əsaslandırılmış konsepsiya təqdim etməlidir.

Bu layihə üçün ayrılacaq maksimum məbləğ 50.000 ABŞ dollarıdır.

Müsabiqənin aşağıdakı ölkələrin QHT-ləri üçün elan edilməsi təklif edilir:

1. ABŞ

2. Böyük Britaniya

3. Belçika

4. Avstriya

5. Fransa

6. Almaniya

7. Polşa

8. İsveçrə

9. Niderland

10. Kanada

11. Yaponiya

12. Estoniya

13. İtaliya

14. İspaniya

15. Norveç