“Ədalət mənə uşaq kimi baxır” - “Lider” TV-nin prezidentinin xanımı

edalet-mene-usaq-kimi-baxir
Oxunma sayı: 23369

Bir çoxları onu Bakıda ilk dəfə itlər üçün açılan salonun sahibəsi kimi, bəziləri isə “Mənim dostum” verilişinin aparıcısı kimi tanıyır. Nailə Əliyeva üçün isə ən böyük statusu Ədalət Əliyevin ( Lider Televiziyasının prezidenti) həyat yoldaşı olmaqdır. 

Umay və Hüseynin anasıdır. Lakin möcüzələrə hələ də balaca uşaq kimi inanır. Həyatında əldə etdiyi hər şeyə görə həyat yoldaşına və 8 ildir ki, hamıdan gizlətdiyi bloknotuna borcludur…

- Heyvanlarla bağlı salon yaratmaq ideyası haradan yarandı sizdə?

- Həyat yoldaşım mənə “Yorkshire” cinsindən olan it bağışlamışdı. Bu, haradasa 7 ilin söhbətidir. Bakıda onun tüklərini gözəl kəsə bilən yox idi və ağlıma belə bir ideya gəldi ki, gedim Ukrayanaya və bu işi öyrənim. Kiyevdə baytarlıq klinikasında mənə itlərə necə düzgün qulluq etməyi, tüklərini təmizləməyi öyrətdilər. Bakıya qayıdanda artıq dostlarım, dostlarımın dostları öz itlərini mənə həvalə etməyə başladılar və bu şəkildə işləməyə başladım. 

- Heyvanlara baxmaq uşağa baxmaq kimi xərc tələb edən işdir. Həm qidası, həm dərmanları, həm baxımı... Yəqin ki sizə müraciət edənlər arasında təminatlı insanlar üstünlük təşkil edir. 

- Bizə həm imkanlı adamlar, həm az təminatlı insanlar gəlir. Bəli, bahalı baxımdır. Elə bil ailəyə uşaq gəlir. Onun nəinki çimizdirilməsi, qidası, baytar xidməti, paltarları da xərc tələb edir. Çünki bəzi cins itlər var ki, onların paltar geyinməsi şərtdir. Geyim onları qışda soyuqdan, yayda isə gün şüalarından qoruyur. Ona görə də, it saxlayanda yüz ölçüb, bir biçmək lazımdır. 

- Heç olur ki, salonunuza gətirilən heyvanlara pulsuz yaxud endirimlə qulluq etmisiniz? Endirim tələb edən zəngin müştəriləriləriniz olub?

- Biz hər zaman az təminatlı insanlara güzəştə gedirik. Hətta elə olur ki, pulsuz da xidmət edirik. Çünki bir çox insan kimsəsiz heyvanlara yardım edir, onları bizim yanımıza gətirir ki, iti evdə saxlamaq istəyirik, lakin onun təmizliyinə, baxımına imkanımız yoxdur. Belə insanlara canla-başla pulsuz da edirik. 

Təəssüf ki, dediyiniz kimi gülməli məqamlar da olur. “Porsche”də gəlirlər, əllərində “Hermes”, “Chanel” çanta ilə, lakin bizdən elə endirim istəyirlər ki...Guya pulları yoxdur. Deyirəm ki, siz ağlayırsınızsa, daha başqaları nə etsin.

Çünki bizim qiymətlər çox münasibdir. Hər təbəqədən olan insanlar müraciət edə bilərlər. İstifadə etdiyimiz kosmetika İtaliyadan gətirilir. Şampunlar, maskalar, kondisionerlər, hətta geyimlərimiz də, hamısı xaricdən sifariş edilir. Bəziləri isə, yəqin ki, eşitmisiniz, öz kolleksiyamızdır. Yəni bizim qiymətlər, keyfiyyətimizlə uyğundur. 

- Heç müqayisə etmisiniz niyə bizdə heyvanlara yanaşma, məsələn Avropa insanın yanaşmasından fərqlidir. Onlar heyvanı ailə üzvlərindən ayırmır, amma bizdə xərclərini çatdırmırıqsa, artıq qocalıbsa onu rahat-rahat küçəyə ata bilirik. 

- Çox təəsüfləndirici haldır ki, bizim heyvanlara qarşı münasibətimiz Avropa ölkələrindən bir az fərqlidir. Hətta deyərdim ki, müqayisəedilməzdir. Avropada qədim zamanlardan bəri heyvanlara, itlərə xüsusi sevgi ilə yanaşırdılar. Çox təəssüf ki, bizim ölkədə belə deyil. Bəzən itlərə, pişiklərə zərər verən insanlara rast gəlirik. Bunların qarşısını almaq üçün biz maarifləndirmə işləri aparırıq, sosial çarxlar yaradırıq, verilişlər aparırıq. Əminəm ki, bizdə də vəziyyət tezliklə yaxşılaşacaq. Heyvanlara qarşı pis rəftar edən insanlar düşünürlər ki, guya itlər yaşayan evdə mələklər olmur, yaxud onlara murdar kimi baxırlar. Əslində islamda belə bir şey yoxdur. İlahiyyatçı Hacı Şahinlə bu barədə çox maraqlı söhbətlərimiz olub. Bizə itlərlə bağlı çoxlu hədislər danışıb. Hər kim ki, itlərlə pis rəftar edir, axirət günü buna görə cavab verəcək. 

- Bir şeyə də diqqət etmişəm, heç də hər heyvan saxlayan heyvansevər biri olmur. Bəzi insanlar heyvana aksessuar kimi yanaşır, imic yaratmağa çalışır. Heç qarşılaşmısız elə insanlarla?

- Siz gəlməmişdən bir qədər əvvəl daimi bir əcnəbi müştərim öz iti ilə buradaydı. O gedəndən sonra öz aramızda danışırdıq ki, əcnəbilərin saxladıqları itlərlə bizim itlərin psixologiyası çox fərqlənir. Onların itləri tanımadıqları insanlara qarşı da mehribandırlar, gözlərində xoşbəxtlik var, şəndirlər. Bizim itlər isə başqa cürdür. Çox vaxt aqressiv, kefsiz olurlar. Çünki sevgi görmürlər. Hesab edirəm ki, bunun səbəbi xaricilərin öz itlərinə ailə üzvləri kimi baxmalarındadır. 

Bizdə isə çox vaxt aksessuar kimi, “Şpitsi” “Yorkshire” itləri dəbdədir, məndə də olmalıdır” prinsipi ilə yanaşırlar. Küçəyə çıxanda hamıya göstərsinlər ki, məndə də bu itlərdən var. Evdə bir az oyuncaq kimi oynadırlar, lakin sonra deyirlər ki, divana çıxmasın, çarpayıma uzanmasın, xalçama ayaq basmasın. Bu, düzgün deyil, əgər sən evində it saxlamaq qərarına gəlmisənsə, ona öz ailə üzvün kimi yanaşmalısan. 

-Niyə ancaq xüsusi cins itlər saxlayırıq? Niyə mən heç adi, cins olmayan bir küçə itini evində saxlayan, küçədə gəzdirən  birinə rast gəlməmişəm.

- Bəli, bizdə təəssüf ki, cins itlərə daha çox üstünlük verilir. Yəqin ki, bilirsiniz biz burada kimsəsiz heyvanlara yardım edirik. İnanırsınız, o itlərin çoxsunu xaricə göndərmişik. Bakıda ailə tapa bilmirik, amma Amerikada, Avropada biz həmin itlərə ailə tapırıq. Çünki Azərbaycanda insanlarda itlərə sevgi hələ tam formalaşmayıb. Bəli sevirlər, oyuncaq kimi, çünki gözəldirlər. Lakin sevgi ürəkdən gələndə insan üçün fərq etmir çöl itidir, yoxsa cins itdir. Məsələn, mənim evimdə 11 ədəd çöldən götürüb saxladığım pişik var. Düzdür, evdə saxlamırıq. Həyətda onlar üçün balaca ev tikmişik. Yəni, mənimçün fərqi yoxdur cins heyvandır, yoxsa yox. Çünki mən onları ürəkdən sevirəm. İnanırsınız, hətta küçədən də evə itlər aparardım, lakin evdə artıq 3 it var. Qorxuram ki, yoldaşım artıq boşayar məni. (gülür)

Əslində çöl itləri daha ağıllı, daha dözümlü olurlar. Kimsəsiz itlərin sevgiyə daha çox ehtiyacları var. Ona görə də, kiçik bir sevgi hiss edəndə bu balaca naşükürlərdən fərqli olaraq insana daha çox minnətdar olurlar. Belə bir addım atan insan həm də çox böyük savab iş görmüş olar. 

Sahibsiz heyvanlar köməksizdirlər. Qayğıya böyük ehtiyacları var. Çünki bir çox psixoloji problem yaşayan insanlara rast gəlirlər, onları incidirlər. Buna görə biz maarifləndirmə işləri aparırıq. Yəqin ki, görmüsünüz, bununla bağlı bir sosial çarx hazırlamışıq. Çox sağ olsunlar, bir çox ulduz, məşhur insanlar bizə yardım etməyə çalışdı. Ancaq bəzilərinə zəng vururduq, bizə çox pis cavablar verirdilər. 

-Bu cür sosial çarxlarla bağlı cəmiyyətin reaksiyası yəqin ki, birmənalı olmur. “Küçədə ac-susuz insanlar varkən niyə heyvanlara yardım edirsiniz” deyənlərlə də qarşılaşırsınız?

-Təəssüf ki, bu cür rəylər də yazılır. Həmin insanlara demək istəyirəm ki, bu cür insanlar üçün ölkəmizdə sosial yardımlar var, dövlət özü həmin insanlara yardım edir. Bunu bir kənara qoyaq. İnsan özü-özünün qayğısına qala bilər. Ancaq itlərin dili yoxdur ki, desin harası ağrıyır,  acdır, susuzdur. Ölkəmizdə bu istiqamətdə ancaq Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA Qayğı Mərkəzi fəaliyyət göstərir. Sağ olsun ki, belə bir yer açıb və biz də əlimizdən gələni edirik, sosial çarxlar yaradırıq. Sizdən də istəyimiz odur ki,  bu cür müsahibələri, çarxları paylaşasınız. 

- Həyat yoldaşınız evdə bu qədər heyvan bəsləməyinizə necə reaksiya verir?

- O da heyvanları çox sevir. Mən doğurdan da xoşbəxt insanam. O, heyvanları həmişə sevirdi, lakin bunu hiss etdirmirdi. Daha çox mənimlə bu sevgisini üzə çıxardı. 

- Deyəsən pianino dərslərinə yeni başlamısınz. Həyat yoldaşınız sizin yeni hobbinizə evdə kifayət qədər dözümlülük nümayiş etdirə bilir?

- Mən əslində musiqi ailəsində böyümüşəm. Babam xor dirijoru olub. Hətta qadınlardan ibarət ilk caz orkestrını yaradıb. Anam da musiqi teoriyası müəllimidir. O da xor dirijoru olub. Xalam da musiqi məktəblərindən birində direktor işləyib. Bu, yəqin ki, məndə genetikdir. Pianino çalmağı çox sevirdim. Əslindı yeddi illik musiqi məktəbini bitirmişəm. Oranı bitirdikdən sonra universitetə hazırlaşdım. Buna görə də musiqidən uzaqlaşdım. Uzun illər sonra ürəyimdə yenidən bir hiss yarandı ki, mən musiqiyə davam etməliyəm. Dərslərimə yenidən başladım və gündə saatlarla çalırdım. Yoldaşım deyirdi ki, bezdirmisən artıq, çala bilmirsən, çalma. İnstagrama videosunu da qoymuşdum. Bir dəfə mən çalırdım, son notu vuranda “şükr” söylədi. Ümid edirəm ki, qızım Umaya da bu gendən nə isə çatacaq. Çox istərdim ki, o da pianinoda çalsın.

- Fyodor Reşetnikovun “Opyat dvoyka” adlı məşhur bir rəsm əsəri var. Siz də onu bir dəfə paylaşmışdınız. Hər birimiz uşaqlıqda mütləq o rəsmlə qarşılaşmışıq, lakin bizə onun mahiyyəti heç vaxt doğru təqdim edilməyib. Sizcə də doğru olan itin mövqeyi deyilmi? 

- Bəli, heyvanlar üçün fərqi yoxdur, sən iki almısan, yoxsa beş. Sənin sosial vəziyyətindən, məktəbdə hansı qiymət almağından, həyatdakı uğurundan asılı olmayaraq səni qarşılıqsız sevə bilir. 

Hesab edirəm ki, bizdə bəzi ailələrin tərbiyə üsulunda yanlışlar var. Bir çox valideyn uşaqlarından məktəbdə ancaq beş almasını tələb edir, universitetə daxil olmayanda danlayırlar, iki alanda danlayırlar. Əslində ən vacibi uşaqlarımıza güvən hissi aşılamaqdır. Əgər insan özünə inansa, o qədər uğurlu və xoşbəxt olar. Əminəm ki, hər birimizin məktəb vaxtı ikidən başqa qiymət almayan sinif yoldaşı olub, indi isə səndən, məndən uğurludur. 

- Ümumiyyətlə Ədalət Əliyev necə ata, necə bir həyat yoldaşıdır? Biz onu illərdir Liderin rəhbəri olaraq tanıyırıq. 

- Ədalət Əliyev işdə nə qədər sərt və ciddi görünsə də, evdə bir o qədər mülayim, şəndir, uşaqlarla uşaq kimi davranır, onlarla oynayır. Ümumiyyətlə çox gözəl ata və həyat yoldaşıdır. Onu çox sevirəm. Həyatımda baş verənlərə görə həyat yoldaşıma minnətdaram. Mənim xoşbəxtliyimə böyük səbəbkarıdır. 

Hesab edirəm ki, ailədə qadın üçün birinci onun həyat yoldaşıdır. Daha sonra isə uşaqları, itləri, evi və sair. Bilmirəm. Bəlkə də, tək Azərbaycanda deyil, bütün dünyada belədir. Xanımlar ailə həyatı qurandan, uşaqları olandan sonra həyatını sırf övladlarına həsr edir. Olur ki, belə ailələr sonradan boşanırlar, yaxud həyat yoldaşları onları tərk edib gedir. Çünki kişi artıq özünə qarşı diqqət, qayğı hiss etmir. Qadınlar evləndikdən sonra həyat yoldaşlarını unudurlar. Onlar üçün bəzənmirlər, özlərinə baxmırlar. Bu, düzgün deyil. İlk növbədə qadın ərinə diqqət göstərməlidir. Əgər kişi evdə xoşbəxtdirsə, deməli o ailənin bütün üzvləri xoşbəxtdir.

Biz artıq üç ildir ki, evliyik. İki uşağımız var. Ona görə xoşbəxtik ki, ailəmiz sevgi üzərində qurulub. Hamıya da belə arzu edirəm. 

- Bir neçə il əvvəl paylaşdığınız bir şeiriniz diqqətimi çəkdi. Tarixçəsini soruşmayacam, çox özəl olduğunu hiss edirəm. Çoxmu şeir həsr etmisiniz həyat yoldaşınıza? 

Elə bunu demişdim ki, Nailə xanım çantasından iki bloknot çıxardı. Deyir ki, çəhrayı bloknotu hələ məktəbdə oxuduğu illərdə alıb. Lakin içərisinə nə yazacağını bilmədiyi üçün saxlayıb. Qızı Umay doğulduqdan sonra qərar verir ki, ona həsr etdiyi şeirlərini bu dəftəçəyə yazsın. Digər dəftərçəyə isə həyat yoldaşına həsr etdiyi şeirlərini yazır. Dediyinə görə, yoldaşı ona həsr etdiyi bu dəftərçədəki şeirlərin çoxsundan xəbərsizdir. Hansı şeiri oxuyacağına qərar vermək üçün bloknotu vərəqləyəndən arasından iki bilet çıxdı...

- Bu, bizim sevgili ikən “karuselə” aldığımız biletlərdir. İlk biletimiz olduğu üçün indiyə kimi yadigar saxlamışam. İnanırsız şeirlərimin bəzilərini heç Ədalətin özünə də oxumamışam. Çünki bura mənim şəxsi dünyamdır. Birini isə sizin üçün oxuya bilərəm:

Не отворачивай лицо от меня,

Ты же видишь, глубока моя рана.

Двери открыты всегда для тебя.

Вот звоню к тебе в ночь. Странно

Ты берёшь трубку и грустно молчишь..

А я слышу крик страдания..

И черти пляшут под рыдания -

Ты нами, знаю, дорожишь.. Позволь мне жить твоим дыханием, 

Испытывать страсть переживания,

Когда то чувство губ касания

Вулканом сносит подсознание.

Пархать от счастья я желаю.

И сердцу вновь повеливаю 

Служить мне вечно. Вот я таю..

Ведь ты вошёл в ту дверь, что я не закрываю... 

Uşaqlıqdan -  6-7 yaşımdan bəri şeir yazıram. Düzdür, peşəkar deyillər, amma əsas odur ki, ürəkdən gəlir. 

Yəqin ki, bilirsiniz, yoldaşımla aramızda böyük yaş fərqi var - 20 il. İndi başa düşürəm ki, yaş fərqinin olması nə qədər yaxşıdır. Çünki həmyaşıdla ailə quranda hər kəs öz eqosunu, xarakterini göstərmək istəyir. Heç kim bir-birinə güzəştə getmək istəmir. Amma Ədalət mənə həm həyat yoldaşı, həm də uşağı kimi baxır. Necə deyərlər, ailədə biri dəli olanda, digəri ağıllı olmalıdır (gülür). O da bizdə həyat yoldaşımdır. 

Mən bəzən inciyirəm, gün boyu deyinirəm, o isə mənə fikir vermir. Amma mənimlə eyni yaşda olsaydı cavab qaytarardı, başlayardı sözləşməyə. Deyir dəlisəndə, balaca dəli. İndi bu sözdən sonra mən necə inciyim? 

- Şeirlərinizin birində bir misra diqqətimi çəkdi. Allaha məktub yazırsınız ki, sizi gənclik günahlarınız üçün bağışlasın. Yenə yazırsınızmı Allaha məktublar?

- Bəli, hər gün məktub yazıram. İnandırım sizi, evdə balaca dəftərim var. Mən gələcəkdə öz həyatımı necə görmək istəmişəmsə, onu həmin dəftərimə yazmışam. Xoşbəxt olmaq üçün nə lazım olduğuna dair bəzi kitablar oxumuşam. Oradakı məsləhətlərə riayət edirəm. Məni xoşbəxtliyə oxuduğum kitablar aparıb. Nə arzu edirsənsə, ya onları dəftərə yaz, ya da hər axşam dua edərkən dilinə gətir. 

İndi də hər gecə dua edirəm, həm də dəftərimə arzularımı yazıram. Diləyirəm ki, ya rəbbim bütün günahlarımdan keç və arzularımı yerinə yetir. Və başlayıram həmin arzuları hər gecə, hər səhər oxumağa. 

Bir-iki gün öncə dəftərimə nə isə yazırdım. Yoldaşım soruşdu ki, o nə dəftərdir. Yəni 2-3 gün öncəyə kimi belə bir dəftərimin olmasından onun da xəbəri yox idi.

O dəftəri mən 2010-cu ildən tutmuşam. İnanırsınız o zaman heç nəyim yox idi.  Dəftərə yazmışdım ki, mən istəyirəm filan maşınım olsun, filan rəngdə olsun. O zaman heç işləmirdim də, düşünmürdüm ki, nə vaxtsa maşınım ola bilər. İllər keçdi həmin maşın mənim həyatımda oldu. Görmək istədiyim və dəftərimdə qeyd etdiyim bütün ölkələri gəzdim. Özü də arzularımı “istəyərdim ki, olsun” yazmırdım, “olacaq” yazırdım. Yazmışdım ki, salonlarım olacaq, itlərə, kasıb insanlara yardım edəcəm. Həyat elə gətirdi ki, bunların hamısı çin oldu. Ulduzlar elə edir ki, ürəyində nəyi çox istəyirsənsə, o da baş verir, gerçəkləşir. Ona görə də arzularınızdan ehtiyatlı olun. 

Səidə 

Fotolar-Video: Nuran Məmmədov