“Azərbaycan və Ukrayna əlaqələri qədim və şanlı tarixə söykənir. Rəsmi qaydada isə 103 il əvvəl Ukrayna Xalq Respublikası ilə Azərbaycan Demokratik Respublikası arasında diplomatik dialoqun təməli qoyulub. Keçmiş ittifaq dövründə Ukrayna və Azərbaycan ənənəvi səmimi dostluğu qoruyub saxlayıb. İki ölkə arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulmasına baxmayaraq, ikitərəfli əlaqələrin inkişafı 1994-cü ildən sonraya təsadüf edir. Ulu öndər Heydər Əliyevin 1995-ci ildə Ukraynaya səfəri ölkələr arasında siyasi-iqtisadi, hərbi əlaqələrin inkişafına təkan verib”.
“Qafqazinfo” xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev müəllif yazısında qeyd edib.
Sözügedən yazını təqdim edirik:
“Azərbaycan-Ukrayna münasibətlərinin intensiv dinamikası İlham Əliyev Prezident seçildikdən sonra daha da inkişaf edib. Onun 2004-cü ildə Ukraynaya rəsmi səfəri zamanı Prezident Leonid Kuçma ilə görüşü mühüm siyasi əhəmiyyət daşıyıb.
Mən Milli Məclisin Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq qrupunun rəhbəri kimi həmin səfərdə iştirak etmişəm və Ukrayna Prezidentinin Cənab İlham Əliyevə dərin hörmətinin, Ukrayna dövlətinin Azərbaycana qarşı əsil dost münasibətinin şahidi olmuşam. Bu görüş iki ölkə arasında dostluğun nümunəsi kimi yadda qalıbdır.
.jpg)
Deputat kimi müxtəlif siyasi səfərlərdə və görüşlərdə hər zaman Ukrayna xalqının ölkəmizə əsil səmimi məhəbbətini görmüşəm. Ukraynanın İrpen şəhərində Zərifə xanım Əliyevanın adına istirahət parkının və ucaldılmış büstün açılışında ukraynalıların onu necə məhəbbətlə, dərin hörmətlə xatırladıqları hələ də xatirimdədir.
Azərbaycan və Ukrayna güclü regional tərəfdaş kimi beynəlxalq təşkilatlarda da çiyin-çiyinə dayanaraq birgə fəaliyyət göstərir. BMT, Avropa İttifaqı, ATƏT, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.
Rəsmi Kiyevin ölkəmizə qarşı mövqeyi bütün dövrlərdə, hakimiyyət dəyişikliklərindən asılı olmayaraq heç vaxt dəyişməyib. Ukrayna həmişə ölkəmizin haqq səsinə səs verərək Ermənistanın işğalçılıq siyasətinə qarşı sərt mövqe nümayiş etdirib, 44 günlük Zəfər savaşında Kiyev Azərbaycanın yanında yer alaraq erməni terrorizminə qarşı mücadiləni dəstəkləyib.
Azərbaycan və Ukrayna arasında təhsil və elm, humanitar sahələrdə də möhkəm əməkdaşlıq qurulub. Ukraynanın ali təhsil ocaqlarında təxminəm 1250 azərbaycanlı tələbənin təhsil alması təmin olunub. Bakı Slavyan Universitetində Ukrayna dili tədris olunur. Kiyevdə Heydər Əliyev adına Siyasi və Sosial Elmlər İnstitutu fəaliyyət göstərir. Kiyev şəhərində 2018-ci il iyulunda Müslüm Maqomayev bağının açılması, 2019-cu il mayında həmin ünvanda Nəsiminin abidəsinin ucaldılması, noyabr ayında isə Dnepr şəhərində Azərbaycan Mərkəzinin açılışı, həmçinin Kiyevdə Azərbaycan-Ukrayna Xalqlarının Dostluq Parkının istifadəyə verilməsi mədəni əlaqələrin yaxşı təcəssümüdür. Həmçinin Bakıda Ukraynanın böyük şairi Taras Şevçenkonun abidəsinin açılışı, 2021-ci idə Ukraynanın Azərbaycandakı səfirliyi nəzdində Ukrayna Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması humanitar qardaşlığa nümunədir.
Ukraynanın indiki Prezidenti Volodimir Zelenskinin Cənubi Qafqaz ölkələri içərisində ilk dəfə Azərbaycanı seçərək 2019-cu il dekabrın 16-da ölkəmizə rəsmi səfər etməsi, şübhəsiz, Azərbaycana dərin hörmətindən irəli gəlir.
Cənab Prezident İlham Əliyevin 2022-ci il yanvarın 14-də Ukraynaya səfəri əlaqələrin yeni tarixi mərhələyə qədəm qoyması baxımından mühüm əhəmiyyət kəsb edib. Səfər çərçivəsində Birgə Bəyannamənin, eləcə də digər sənədlərin imzalanması strateji əməkdaşlığın ən yüksək zirvəyə çatması üçün mühüm əhəmiyyət daşıyıb.
Bu xüsusda bir məsələyə diqqət çəkmək istərdim. Rusiya və Ukrayna arasında baş verən hadisələrə siyasi münasibətlər birmənalı deyil. Əlbəttə, Azərbaycan hər iki ölkə ilə yaxın siyasi-iqtisadi və humanitar əlaqələrə malikdir, ölkəmiz təcavüzə və işğala qarşı prinsipial rəsmi mövqeyini hər zaman bəyan edib. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutularaq siyasi, diplomatik yollarla və dialoq əsasında həll edilsin. Biz birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Müharibə başlayandan Azərbaycan Ukrayna xalqından öz humanitar dəstəyini, yardım əlini əsirgəməyib. Volodimir Zelenski Prezident İlham Əliyevə bir neçə dəfə zəng edərək humanitar dəstəyə görə minnətdarlığını bildirib”.