“Ədalətsiz qətnaməyə səs verən ölkələr uduzdular”

edaletsiz-qetnameye-ses-veren-olkeler-uduzdular-
Oxunma sayı: 1289


“Sözdə insan hüquq və azadlıqlarından dəm vuran, siyasi eqoizmlə yeni müstəqil dövlətlərə «demokratiya dərsi» vermək istəyən Avropa Parlamenti (Aİ) bu gününə və gələcəyinə qara ləkə kimi yazılacaq hüquqi rəzalətə imza atdı. Əslində, xüsusi şərhə ehtiyac yoxdur  söhbət qondarma «erməni soyqırımı» ilə bağlı adıçəkilən qurumun absurd, qeyri- obyektiv qətnamə qəbul etməsindən gedir. Qondarma «erməni soyqırımı» ilə bağlı qətnamənin qəbul edilməsi ümumilikdə türk dünyasına qarşı ədalətsizliyin növbəti təzahürü oldu.

Tarixə qısa ekskursiya etsək aydın görə bilərik ki, 1915-ci ildə Osmanlı İmperiyasının ermənilərə qarşı «soyqırım» həyata keçirdiyini təsdiqləyən heç bir tutarlı fakt, dəlil, sübut yoxdur. Türkiyənin məsələ ilə bağlı birgə komissiya yaratmaq, arxivləri açmaq, tarixi həqiqətləri üzə çıxarmaq təkliflərinə etinasız münasibəti Ermənistanın və onun himayədarlarının zaman-za¬man gündəmə gətirdiyi «soyqırım» kampaniyasının hansı çirkin məqsədlərə xidmət etdiyinə şübhə yeri qoymur.

Yalnız bu məqam türk dünyasına qarşı yönəlmiş saxta ittihamların sırf siyasi motivlərə əsaslandığını, ikili standartlardan qaynaqlandığını tam mahiyyəti ilə aşkara çıxarır.


Ötən illərin təcrübəsi də təsdiqləyir ki, Avropa Parlamentində bu tipli qərəzli sənədlər bəzi xarici ermənipərəst dairələrin sifarişi əsasında qurumun antiazərbaycan, antitürk mövqeli bir qrup deputatı tərəfindən hazırlanır və məhdud sayda parlament üzvlərininq iştirakı ilə keçirilən iclasda qəbul edilir. İstənilən demokratik qərarın qəbulu səs çoxluğu prinsipinə əsaslanmalıdır. Çoxluğun iradəsini əks etdirməyən bir absurd qətnamənin Avropa Parlamenti kimi  demokratik ruhlu qurumun adından yayılması da heç bir məntiqə sığmır. Avropa parlamentində iclasların keçirilməsi üçün kvorumun olmaması bu cür absurd qərarların qəbul edilməsinə imkan verir. Xatırladaq ki, 2011-ci ilin mayın 12-də və 2013-cü il iyunun 15-də Avropa Parllamentində 754 üzvdən cəmi 40-50 deputatın iştirakı ilə, tələm-tələsik Azərbaycanla bağlı qərəzli qətnamələr müzakirəyə çıxarılıb və təsdiq edilib. Bu günlərdə qəbul olunmuş qətnamə də qurumun nüfuzuna mənfi təsir göstərən növbəti şoudur.

Qondarma «erməni soyqırımı» ilə bağlı qətnaməyə səs verən dövlətlərin parlamentarları nə Türkiyə, nə digər Qərb dövlətlərinin arxivlərində olmuş, sadəcə, siyasi motivli qərəzli və ədalətsiz sənədi rəsmiləşdirmişlər. Belə qətnamə qəbul edən dövlətlərin əksəriyyətinin Av-ropa Birliyinin üzvü olması da təsadüfi görünmür. Siyasi müşahidəçilərin fikrincə, həmin dövlətlər belə süni maneələrlə müsəlman dövləti olan Türkiyənin təşkilata gedən yoluna sipər çəkməyə, Avropa Birliyini «xristian klubu» kimi qoruyub saxlamağa çalışırlar. Bu da təsadüfi deyildir ki, hələ 1987-ci ildə Fransanın xüsusi səyləri ilə qondarma «erməni soyqırımı»nı tanıyan Avropa Parlamenti 2005-ci ildə həmin ədalətsiz qərarını yeniləmiş, üstəlik Türkiyə hökuməti qarşısında Ermənistanla sərhədləri açmaq tələbini irəli sürmüşdür. Həmin qərarda da Türkiyənin 1915-ci ildə baş verənləri «soyqırım» kimi tanıması Avropa Birliyinə üzvlüyün əsas şərtlərindən biri olaraq göstərilmişdir. Doğrudur, direktiv Kopenhagen meyarlarından fərqli olaraq, Avropa Parlamentinin qərarları Türkiyə üçün tövsiyə xarakteri daşıyır. Amma son mərhələdə Türkiyənin təşkilata tamhüqüqlü üzvlüyünə səs verəcək qurum məhz Avropa Parlamenti olmalıdır.  Hər bir halda, bu cəfəng qətnamənin qəbulundan sevinən ermənilər, uduzansa bu ədalətsiz qətnaməyə səs verən ölkələr oldu.

Terroru bu gün də dövlət səviyyəsində dəstəkləyən Ermənistan isə nədənsə ən müxtəlif zamanlarında türklərə və azərbaycanlılıara qarşı etdikləri qanlı əməllərə görə ittiham olunmurlar. 1972-1991-ci illərdə erməni terrorçuları dünyanın əksər ölkələrində Türkiyənin görkəmli siyasi xadimlərinə, məşhur diplomatlarına və tanınmış iş adamlarına qarşı 300-dən çox terror əməliyyatları törətmişlər. Bu terror aktlarının 100-dən çoxu «Asala» terror təşkilatının «Orli», «9 İyun» və «3 Oktyabr» qrup¬laşmaları tərəfindən 24 ölkənin 38 şəhərində həyata keçirilmişdir.

1988-ci ildən Azərbaycana qarşı növbəti dəfə aşkar ərazi iddiaları ilə çıxış edən Ermənistan ərazisində yaşayan azərbaycanlıları deportasiya edərkən müxtəlif vandalizm aktlarına, o cümlədən terror aktlarına əl atmışdır. Sonrakı mərhələdə bəzi dövlətlərin himayəsi və dəstəyi ilə Azərbaycan ərazilərini işğal edən Ermənistan dinc əhalinin ölümü ilə nəticələnmiş çoxlu sayda terror aktları planlaşdırmış və həyata keçirmişdir. Ərazi ilhaqı məqsədi ilə terrorçuluğu və separatizmi özünə başlıca vasitə seçən ermənilər 1988-ci ildən Azərbaycanda 373 qanlı terror aktı törətmiş, nəticədə 1600-ə yaxın insan həlak olmuş, 1808 nəfər yaralanmışdır. Terror aktları nəticəsində həlak olanların böyük əksəriyyətini qadın, uşaq və qocalar təşkil etmişdir.

Qondarma «erməni soyqırımı» ilə bağlı kampaniyanın hələ bu ilin mart ayından yenidən fəal şəkildə gündəmə gətirilməsi heç də təsadüfi deyildir. Qondarma «erməni soyqırımı» ilə bağlı baş¬lan¬mış kampaniyanın kökündə Türkiyə və Azərbaycana təsir göstərmək, hər iki strateji müttəfiq ölkəni prinsipial mövqeyindən çəkindirmək niyyəti dayanır.  Ümumiyyətlə, qondarma «erməni soyqırımı» ilə bağlı cəfəng iddialar göstərir ki, regionda bir qayda olaraq qeyri-konstruktiv mövqedən çıxış edən Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırma «səyləri» də səmimiyyətdən tamamilə uzaqdır. Əksinə, rəsmi Ankaranın Azərbay-canın maraqları əleyhinə hansısa qərar qəbul etməməsindən daha da qıcıqlanan erməni lobbisi müəyyən aparıcı dövlətlərin köməyi ilə Türkiyəyə təsir göstərməyə çalışır. Lakin Türkiyə və Azərbaycanın qırılmaz strateji müttəfiqliyi fonunda ermənilərin bu istiqamətdəki məkrli cəhdlərinin də iflasa uğrayacağına heç bir şübhə yoxdur. Türk və Azərbaycan diasporlarının son illərdəki birgə fəaliyyəti, müdafiədən fəal hücum mövqeyinə keçməsi ermənilərin saxta iddialarla dünya ictimaiyyətini çaşdırmaq cəhdlərinin qarşısını alır.