Bizim ədəbiyyatımız tarixin heç bir dövründə, hətta ən sərt müstəmləkə illərində belə, məhv olmayıb, azalmayıb, kiçilməyib. Ona görə yox ki, o, bütün dövrlərdə dövlətin qayğısı və insanların diqqəti ilə əhatələnib. Əksinə, ədəbiyyat diqqətdən, qayğıdan kənarda qalanda daha yaxşı inkişaf edir, çünki onun mahiyyətində üsyan, azadlıq, bağımsızlıq və təlqin etmək var.
Zaman-zaman şahların, hökmdarların sənətkarlara bağışladığı kəndləri, şəhərləri, verdiyi ənamları diqqət, qayğı hesab edirsizsə, yanılırsız. Çünki bütün bunlar dövrün hakimi-mütləqlərinin şairləri, yazıçıları məddahlığa təhrik etmək, yaltaqlığa məcbur etmək və saraylarında öz nəzarətləri altında saxlamaq üçün gördükləri tədbirlər idi. Qısacası, ədəbiyyatımız və ədəbiyyat nümayəndələrimiz heç vaxt xüsusi qayğı görməyib. Ona görə də indi hələ də təfəkkürləri uşaqsayağı yanaşmalardan o tərəfə keçməyən, özünü şair, yazıçı, publisist adlandıran bir dəstə gəncin hay-həşirini anlamıram. Sosial şəbəkələrdə və bir-iki ədəbi qəzetdə, saytda təfəkkürlərinin yetdiyi yerə qədər yazdıqları statusları, yazıları ilə elə haray salırlar ki, sanki məhv olmaqda olan ədəbiyyatın yeganə keşikçiləridirlər, onlar olmasa, ədəbiyyat gözdən-könüldən uzaq düşər.
Necə keşik çəkdikləri də hamımıza bəllidir. Bütün yazdıqları böyük sənətkarlarımızın bir misrası, cümləsi qədər olmayanlar gündəmdə qalmaq üçün M.Ə.Sabiri, X.Rzanı, Ü.Hacıbəylini təhqir edir, milliyyətinə dil uzadır, "Niyə İkinci Mahmud belə cavan rəhmətə gedərkən, Musa Yaqub 82 il yaşayır" məzmununda ağlın qəbul edə bilməyəcəyi iradla şairimizi suçlayırlar. Bir qismi özünü peyğəmbər adlandırır, digər qismi isə dövlətlə ev, maddi imtiyaz davası döyür. Halbuki bu qədər çatışmazlıqları olan bir cəmiyyətdə həqiqətən istedadı olan gənclər qələmlərinə möhkəm-möhkəm sarılmalı, hansısa maddi təklifləri qəbul edib özlərini, mübarizələrini məhdudlaşdırmamalıdırlar. Mövzudan çox da uzaqlaşmadan fikrimi yekunlaşdırıram.
Nə yaxşı ki, bu qovğanın içərisində dəyərli qələmi, fərqli yanaşma tərzi olan və yeni dövr ədəbiyyatımızın formalaşmasında mühüm rol oynayan istedadlı gənclər də yetişməkdədi. Yoxsa tarixin ən ağır sınaqlarından daha da böyüyərək, güclənərək çıxan ədəbiyyatımız bu gün istedadından böyük danışan, heç bir yaradıcılıq məhsulu ortaya qoymadan cəmiyyəti oxumamaqda suçlayan, özünü ədəbiyyat keşikçisi kimi təqdim edən və ya hansısa təmənnalar xatirinə ədəbi mühitə soxulan gənclərin hay-küyündən kiçikləşərdi...
Röyanə Cəfər
Son xəbərlər
Son Xəbərlər