ƏƏSMN-nin kollektivi İkinci Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

eesmn-nin-kollektivi-ikinci-sehidler-xiyabanini-ziyaret-etdi
Oxunma sayı: 1520

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və kollektivi Vətən müharibəsində iştirak edən və şəhid yaxınları olan Nazirlik əməkdaşları ilə birgə İkinci Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

"Qafqazinfo" xəbər verir ki, sonra Vətən müharibəsində iştirak edən və şəhid yaxınları olan Nazirlik əməkdaşları ilə görüş olub. Videokonfrans formatında keçirilən görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, bu gün xalqımızın şanlı qəhrəmanlıq tarixi olan, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm tarixi Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsinin başlanmasının ildönümüdür.

Nazirlik üzrə 11 əməkdaşın ailə üzvlərinin də Vətən müharibəsində şəhidlik zirvəsinə ucaldıqlarını bildirən S.Babayev bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını deyib.

Nazir qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemindən də müxtəlif vəzifələrdə çalışan 101 əməkdaş, nazirliyin əməkdaşlarının ailə üzvlərindən 129 nəfər Vətən müharibəsində iştirak edərək Qələbəmizə öz töhfələrini veriblər.

S.Babayev diqqətə çatdırıb ki, Vətən müharibəsində iştirak edən Nazirlik əməkdaşlarından 73 nəfəri Prezident İlham Əliyevin Sərəncamları ilə “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü” və digər medallarla təltif olunublar. Onlardan bir qismi hətta 2-3 medala, bir nəfəri Sumqayıt Reabilitasiya Mərkəzinin əməkdaşı Sahil Həsənli isə 5 medala layiq görülüb.

Görüşdə çıxış edən Vətən müharibəsinin iştirakçıları olan əməkdaşlar doğma torpaqlarımızın düşməndən azad edilməsi uğrunda döyüşlərdə iştirak etməkdən sonsuz iftixar hissi keçirdiklərini vurğulayıblar.