Azərbaycan Dövlət Gömrük Komitəsi Əfqanıstan gömrük xidmətinin ekspertləri üçün onlayn formatda seminar keçirib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov bildirib ki, Azərbaycan gömrük xidməti daxili bazarın qorunması və yerli istehsalın təşviq edilməsində, qanuni ticarətə əlverişli şəraitin yaradılmasında, təchizat zəncirinin beynəlxalq təhlükəsizliyinin təmin edilməsində, bölgədəki xarici iqtisadi fəaliyyətin stimullaşdırılmasında mühüm rol oynayır. O da qeyd edilib ki, Tarixi İpək yolu üzərində yerləşən, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərini özündə birləşdirən Azərbaycan beynəlxalq ticarət və tranzitin asan, sürətli şəkildə həyata keçirilməsində mühüm rol oynayır.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, nəqliyyat, logistika sahəsindəki digər irimiqyaslı layihələrin bu istiqamətdəki əhəmiyyətindən də bəhs edib. Eyni zamanda, 2017-ci ilin noyabrında Azərbaycan, Türkiyə, Əfqanıstan, Gürcüstan və Türkmənistan arasında “Lapis lazuli” tranzit nəqliyyat dəhlizinin yaradılması ilə bağlı imzalanan sazişin iştirakçı dövlətlərin ərazısındə olan infrastruktur, hava, avtomobil, dəniz və dəmir yolu şəbəkəsini birləşdırməklə Əfqanıstanın Avropa nəqliyyat sisteminə çıxışını təmin etdiyi vurğulanıb.
Diqqətə çatdırılıb ki, bu ilin yanvarında “Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi” hər üç ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət işçı qrupun videokonfrans formatında keçirilmiş görüşündə imzalanıb və sənədin icrasının uğurla həyata keçirilməsi üçün bir sıra addımlar atılıb.
Sonra tədbir barədə məlumat verən Komitə sədrinin birinci müavini bildirib ki, seminar Yol Xəritəsinin 5.5-ci - “Əfqanıstanın gömrük orqanlarının modernləşdirilməsində, eləcə də TIR üçün tranzit parklarının və quru limanların infrastrukturunun dizaynı və inkişaf etdirilməsində təcrübə mübadiləsi” bəndinin icrası və Azərbaycan gömrük orqanlarının bu istiqamətdə təcrübəsinin bölüşdürülməsi məqsədilə keçirilir. O da qeyd olunub ki, seminar səmərəli və işgüzar münasibətlərin qurulmasına, konstruktiv əməkdaşlığa əlverişli zəmin yaradacaq.

Son xəbərlər
Son Xəbərlər