Əfqanıstanda “Taliban”a münasibət necədir? - Video

efqanistanda-talibana-munasibet-necedir
Oxunma sayı: 2517

Bu ilin avqustunda “Taliban” hərəkatının nəzarəti altına keçən Əfqanıstanın paytaxtı Kabildən yeni görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, “CNN” telekanalının müxbiri “Taliban” hərəkatı liderlərindən biri Mansur Haqqani ilə Kabilin ticarət həyata keçirilən əsas küçələrində vəziyyətlə tanış olub.

Bildirilir ki, bir zamanlar bu küçələrin təhlükəsizliyi əfqan polisi tərəfindən təmin edilsə də, hazırda bu tapşırığı “talibançılar” icra edir.

Xüsusilə qeyd olunur ki, Kabil şəhərinin əsas ticarət nöqtələrinə səfər edən “Taliban” lideri silahsız olsa da, onun arxasında ABŞ istehsalı silahlar daşıyan və üzərində ABŞ yazılan jiletlər geyən yaraqlıları görməmək mümkün deyil.

ABŞ helikopterləri “Taliban”ın əlində - Video

Bu küçələrdə isə vəziyyət çox fərqlidir. Belə ki, bəziləri “Taliban” idarəetməsindən razılıqlarını ifadə etdiyi bir zamanda, hərəkatla bağlı öz narazılığını dilə gətirənlər də az deyil.

Bir neçə satıcının sözlərinə görə, hazırda bu küçələrdə oğurluq, korrupsiya kimi halların qarşısı alınıb və indi biznes daha təhlükəsizdir. Digər bir sakinin sözlərinə görə isə, hazırda Kabildə vəziyyət çox yaxşıdır. Gənc əfqan bir-iki il əvvəl oğurluq və qarət kimi halların çox olduğunu, lakin indi həyatın daha yaxşı olduğunu iddia edib. 

Yeni vəziyyətdən isə dul qadınların biri şikayət edib. Altı azyaşlı uşağı olan bu qadın işlədiyi dövlət işindən “Taliban” tərəfindən qovulub və pul verilmədən evə göndərilib. Bununla yanaşı, digər bir qadının sözlərinə görə, “Taliban” onun dərs keçdiyi qızların məktəbə getməsinə qadağa qoyub. O bildirir ki, gələn ay üçün ödəniş edilsə də, ondan sonra nə olacağına dair heç bir fikri yoxdur.

Müxbirin sözlərinə görə, əli silahlı “Taliban” yaraqlılarının yaxınlıqda olmasını nəzərə alaraq insanların özlərini əslində necə hiss etdiklərini bilmək çətindir.

Günel İbrahimova