“Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi…”

eger-heyder-eliyev-o-vaxt-hakimiyyete-gelmeseydi
Oxunma sayı: 1453

Qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın yaratdığı  yeni reallıqlar əsasında regionda və dünya siyasətində yerini və mövqeyini daha da möhkəmləndirir. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə səsləndirdiyi bu fikirləri xatırlamaqla lider və düşünülmüş siyasət amillərinin ölkənin inkişafında, beynəlxalq münasibətlər sistemində rolunun artmasında əhəmiyyətli rolunu daha aydın şəkildə görür və bundan böyük qürur hissi keçiririk ki, Heydər Əliyev kimi ümummilli liderimiz, İlham Əliyev kimi Prezidentimiz var.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

O bildirib ki, biz tarixi Zəfərimiz və suverenliyimizin tam bərpası ilə  bütün dünyaya və bu gün işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır. İnam heç vaxt qırılmamalıdır. Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz. Bu ədalətə çatmaq üçün gərək onu əldə edəsən, o, göydən düşməz. Sən haqlısan, bütün dünya da sənin haqlı olduğunu etiraf edir, bilir, ancaq nəticə yoxdur. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır. Əlbəttə ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Bu, önəmlidir. Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir. Bunu təmin etmək üçün əlbəttə ki, dövlət siyasəti olmalıdır və var.

Millət vəkili qeyd edib ki, Azərbaycanın tarixində, xalqımızın taleyində elə günlər var ki, onların önəmi illər keçdikcə daha dərindən dərk olunur, ölkəmizin  həyatında dönüş nöqtəsi kimi dəyərləndirilir:

“O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox. O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi”.

Vüqar Rəhimzadə vurğulayıb ki, 1993-cü il oktyabrın 3-də  xalqımız özünün gələcək taleyini müəyyənləşdirən, inkişafa, tərəqqiyə gedən yolun əsası kimi dəyərləndirilən tarixi seçimini etdi. Xalqın böyük əksəriyyətinin səsini qazanaraq  Prezident seçilən Heydər Əliyev oktyabrın 10-da keçirilən andiçmə mərasimində dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz etdi, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Andiçmə mərasimində bu əminliyi ifadə etdi ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm. Ümummilli lider Heydər Əliyev andına daim sadiq qalaraq Azərbaycanın dünyaya Günəş kimi doğmasını təmin etdi. İlk növbədə sosial-iqtisadi yüksəlişə yol açan  ictimai-siyasi sabitlik bərqərar edildi.

Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın  beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxdı. Heydər Əliyevin hakimiyyətinin ikinci dövründə gördüyü işlər məhz 1969-1982-ci illərdə yaradılan möhkəm bazaya əsaslanırdı. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən ümummilli lider 1993-cü ildə hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi məsələ müstəqillik yollarında ilk addımlarını atan Azərbaycanın varlığını təsdiqləmək, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmək idi.

Millət vəkili qeyd edib ki, Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail oldu.  Bu model sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi. Dahi şəxsiyyət bu çağırışı da etdi ki, Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır.