- Yaradıcılığınızda hansı yeniliklər olacaq?
- Yaradıcılığımda yeniliklər olacaq. İran, Türkiyə ilə Azərbaycan arasında maraqlı layihə hazırlanır. Bu layihəni villa almaq, pul qazanmaq üçün etməyəcəyik. Bu layihələri vətənimizin uğurları üçün edəcəyik. Əvvəldən danışmaq istəmirəm, sonra alınmır. Hər zaman çalışıram ki, vətənimə faydalı işlər görüm. Xanım sənətkarla duet oxuyacağam, həmin xanımın səhhəti ilə bağlı səs yazma gecikir. 2015-ci ilin sonlarında Heydər Əliyev sarayında konsert vermək istəyirəm. İlk konsert olduğu üçün mükəmməl hazırlaşmaq lazımdır. 9 ilə yaxındır ki, peşəkar səhnədəyəm. Layihə edəndə vətənimi düşünürəm. Oxuyanda düşünmürəm ki, başqasında yaxşı oxuyum. Düşmənlər bizi izləyir, onlara göstərməliyik ki, şoka düşsünlər, Azərbaycanın güclü olduğunu görsünlər.
- Səs baxımından əksər həmkarlarınızdan üstün olmağınıza baxmayaraq, hər zaman kənarda dayanırsınız, şou aləmindən uzaq gəzirsiniz. Bunun səbəbi nədir?
- Ürək əməliyyatından 3-4 il öncə efirə çıxmağımla bağlı problemlərlə qarşılaşdım. Allah ömür versə, vaxtı gələndə səbəblərini açıqlayacam. Sənət də göstərənlər var, pul qazanmaq üçün sənəti ayaqlayanlar da var. Sənəti yaman günə qoyaraq pul qazanmaq istəyirlər. Belə şeyləri görəndə kədərlənirəm. Bizim böyük sənətkarlarımız olub, onlardan nümunə götürməliyik. Efirlər isə yaxşı musiqini təbliğ etməlidir.

- Bəzi sənətçilər toylara gedən həmkarlarını qınayır. Buna münasibətiniz necədir?
- Şamaxıda böyümüşəm, uşaqlıqdan “palatka” toylarında oxumuşam. Toy məktəbdir. Bunu görməyən insanların sənətdən xəbəri yoxdur. Musiqini pis günə qoyanlar vicdanları ilə düşünməlidirlər.
- Keçən ilin sonlarında da səhətinizlə bağlı İrana getdiniz. Hazırda səhhətiniz necədir?
- Allaha daim şükür edirəm. Amma çox ağır məsələdir. Ürəyimin yaxınlığında dəmir parçası, cihazlar var, belə yaşamaq çox çətindir. Düşünəndə ki, peyğəmbərlər oda atılıb, zülmlər görüblərsə, şükür etməliyik. Bəlkə də günahlarımın bədəlidir. Ağrılarla efirə çıxmışam, toylar aparmışam. Hələ ki, dözürəm.
- Hazırda əlinizdə siqaret var. Səhhətinizin qeydinə belə qalırsınız?
- Sənətlə səhhətimin qeydinə qalmaq çox çətindir. 11 ildir ki, tək yaşayıram. Təklikdə Allahı, həyatı dərk edirəm. İnsan hərdən qəbiristanlığa getməlidir. Elə işlər görməliyik ki, öləndən sonra bizi söyməsinlər. Siqaret isə dostumundur.
- Təklikdən şikayət edirsiniz. Ailə qurmağı düşünmürsünüz?
- Evlənmək ağır və məsuliyyətli məsələdir. Əsl azərbaycanlı xanımı seçməliyəm. Fikrimdə əcnəbi xanımla evlənmək yoxdur. Əcnəbi xanıma aşiq olsam da, evlənmərəm. Bəlkə, müsəlman olsa, bu barədə düşünərəm. Bu yaxınlarda ağrılarım çox oldu nəfəs ala bilmirdim. O zaman nəfəs almağın da qədrini bildim. Allahın izni ilə istədiyim biri ilə ailə quraram. Öz xanımlarımız mərddir. Allah qarşına xanımı çıxardıb, siqnal göndərməlidir ki, evlənəcəyin xanım budur. Ruhən mənə yaxın xanımla ailə qurmaq istəyirəm.
Könül
Son xəbərlər
Son Xəbərlər