“Əhalinin çətin durumundan istifadə edənlər haqq etdiyi cəzanı alacaq”

ehalinin-cetin-durumundan-istifade-edenler-haqq-etdiyi-cezani-alacaq
Oxunma sayı: 5394

“Əhalinin düşdüyü bu çətin durumda, insanların köməyə ehtiyacı olduğu halda səhiyyə strukturlarının səlahiyyət sahibi olmuş bəzi şəxslərinin xalqına, dövlətinə xidmət etmək əvəzinə belə addım atmaları çox təəssüfedicidir”.

“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli bu gün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən “Yeni klinika”nın direktoru Pərviz Abbasov və FHN-nin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsi ilə bağlı danışarkən bildirib. 

Onun sözlərinə görə, pandemiya başlanan ilk gündən etibarən Azərbaycanın səhiyyə sistemi bu sahədə mübarizəyə səfərbər olunub:

“Birbaşa ölkə rəhbəri Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın çoxsahəli və fədakar fəaliyyəti nəticəsində səhiyyə strukturlarına lazım olan dəstəyin verilməsi sayəsində bu prosesin öhdəsindən gəlinib. Ölkə rəhbərliyi öz əhalisinin sağlamlığını bütün iqtisadi maraqlardan öndə tutub və insanların həyatının qorunması, xəstəliklə ağırlaşmaması üçün mümkün ola biləcək həm iqtisadi, həm də səhiyyə sektorunun inkişafı baxımından bütün addımlar atılıb.

Pandemiya xəstəxanalarının qurulması, onların tam təchizatla təmin edilməsi, dərman preparatları, avadanlıqlar, bir neçə günün içində böyük miqdarda süni tənəffüs aparatlarının gətirilməsini buna misal olaraq göstərə bilərik. Amma çox təəssüf ki, əhalinin düşdüyü bu çətin durumda, insanların köməyə ehtiyacı olduğu halda bəzi vəzifəli, səhiyyə strukturlarının səlahiyyət sahibi olmuş şəxslər burada həqiqətən də xalqına, dövlətinə, millətinə xidmət etmək əvəzinə çox təəssüfedici addımlar atdılar. Xüsusən, pandemiyanın bu ağır vaxtında, dövlətimizin fədakarlıq etdiyi, dövlət başçısı İlham Əliyevin həm beynəlxalq səviyyədə, həm də ölkə arenasında bu sahədə mümkün ola biləcək addımları atmasına baxmayaraq, bu cür neqativ halların olması çox təəssüfedicidir. Əhalinin bu çətin durumundan istifadə edən bəzi şəxslərin bu hərəkətləri etməsi qınanılandır”. 

M. Məmmədli həmçinin əlavə edib ki, hüquq-mühafizə orqanları bu sahədə araşdırmalar aparırlar. Hüquq pozuntusuna yol verən hər kəs haqq etdiyi cəzanı alacaq. 

Qeyd edək ki, bu gün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən “Yeni klinika”nın direktoru Pərviz Abbasov və qurumun bir neçə vəzifəli şəxsi, FHN-nin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev həbs olunublar. Adıçəkilən tibb müəssisələrinin rəhbərləri, o cümlədən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədov öz səlahiyyətlərindən istifadə edərək  koronavirusa yoluxan xəstələrdən xəstəxanaya yerləşdirilmələri müqabilində pul tələb etməkdə ittiham olunurlar. 

Gülnar Əliyeva