Əkin sahəsinin sığortası üzrə ilk ödəniş həyata keçirildi - Fotolar

ekin-sahesinin-sigortasi-uzre-ilk-odenis-heyata-kecirildi
Oxunma sayı: 1352

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta çərçivəsində əkin sahəsinə dəyən zərərlə bağlı ilk sığorta ödənişi həyata keçirilib.

Aqrar Sığorta Fondundan (ASF) "Qafqazinfo"ya verilən məlumata görə, sığorta ödənişi İsmayıllı rayonunun Mücü-Həftaran kəndində fəaliyyət göstərən fermer Arif Niftəliyevə məxsus üzümçülük təsərrüfatına edilib.

Fermerin 4 hektarlıq üzüm bağının 2 hektarı ASF tərəfindən sığortalanıb. İyun ayında İsmayıllı rayonunda yağan dolu təsərrüfata ciddi zərər vurub, məhsul tamamilə korlanıb. Sığorta hadisəsi ilə bağlı sahibkarın ASF-yə müraciətindən sonra müstəqil aqrar sığorta ekspertləri hadisəni araşdırıb, hava şəraiti və digər məsələlərlə bağlı sənədləşdirmə işləri həyata keçirilib. Nəticədə ASF-nin qərarı ilə fermerə sığorta ödənişinin verilməsi təsdiqlənib. Müvafiq prosedurlardan sonra 3 780 manat məbləğində sığorta ödənişi fermer Arif Niftəliyevin bank hesabına köçürülüb.

Tədbirdə çıxış edən ASF İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, dövlət dəstəyi ilə aqrar sığortanın tətbiqi getdikcə genişlənir, əkin sahələrini və heyvanlarını sığortalayan fermerlərin sayı artmaqdadır. Bir qədər əvvəl heyvandarlıq sığortası üzrə ödənişlərə başlandığını xatırladan Fuad Sadıqov bildirib ki, artıq əkin sahələri üzrə də ödənişlərin həyata keçirilməsi aqrar sığorta mexanizminin tam həcmdə işə düşdüyünü və fermerlərin qazancını qoruduğunu göstərir.