Əkrəm Əylisli yenə fəallaşıb. Daha doğrusu onu fəallaşdırırlar. Yerində oturmağa qoymurlar, yeni “Daş yuxuları” yazmağa həvəsləndirirlər. Əgər yeni kitabında yazsa ki, Xocalı faciəsini azərbaycanlılar törədib, buna təəccüblənməyəcəm. Uzaqbaşı Əylislidə kitabları yandırılacaq, yaxud bir-iki ağız hüsni-camalına “xeyir-dualar” veriləcək. Beləlikə, erməni dostlarının həsrətini çəkən birini yerində sakit oturmağa qoymurlar. Şəkil çəkdirirlər, ədəbi müsabiqələrin münsif üzvü seçirlər, toplantılara çağırıb məclisə ağsaqqal seçirlər, cəmiyyətdə baş verən hadisələrə dair münasibətini öyrənirlər. Əkrəmin isə rəngi açılır. Və ürəyində gülüb deyir: “Nəhayət ki, mən deyənə gəlib çatdınız”. Çünki bu adam “Daş yuxular”ı yazanda xalqın müəyyən hissəsinin mayasının nədən ibarət olmasını bilirdi. Bilirdi ki, əvvəlcə tənqid edəcəklər, söyəcəklər, amma tezliklə unudacaqlar. Əmin idi ki, bu cəmiyyətdə özünü fərqli göstərməyə çalışıb “biz axına qarşı gedənlərik” şüarı ilə yaşayanlar çıxacaq ortaya. Çünki Əkrəm tarix fənnini orta məktəbdə yaxşı oxuyub. Və bu xalqın unutqan olmasını çoxdan bilir.
Bir nəfər onunla şəkil çəkdirib, 800-dən çox “like” yığıb. Bu “like”ların sayından görünür ki, biz axına qarşı gedənləri xoşlayırıq. Fərqi yoxdur, o axın ölkəni uçuruma aparır, ya qaranlıq günlərə itələyir. Belə adamlar axına qarşı gedib xeyrimizə çalışsalar, ağzımıza qıfıl vurub dinmərik. Yox, o axın “like” xətrinədir. Özünü bu cəmiyyətdə fərqləndirmək istəyidir. Əgər ermənilər “Daş yuxular”ı Xaçatur Abovyanın “Ermənistan yaraları” kimi öpüb gözlərinin üstünə qoyurlarsa, deməli, həmin fərqli axın çox təhlükəlidir.
Hələ 20-ci əsrin əvvəllərində Cəlil Məmməquluzadə ilə Əlibəy Hüseynzadə bir-biri ilə yola getməyib. Dil məsələsinə görə onların arasında fikir ayrılığı yaranıb. Mirzə Cəlil düşünürdü ki, xalqı cəhalətdən çıxarmaq üçün sadə dildə yazmaq lazımdır. Əlibəy isə “Füyuzat”ı türkfason dildə nəşr etdirib. Əlibəy Cəlilə lağ edib, bu da ona. Hərəsinin də öz dairəsi var idi. Amma illər keçəndən sonra məlum olur ki, onların hər ikisi də bu xalqı seviblər. Erməni məsələsində çəkici bir zindana vurublar Düzdür, Əlibəy Türkiyəyə meyilli olsa da, hər halda erməniləri təqdir etməyib. İşıqlı ziyalılarımız bu məsələdə fikirlərini bir nöqtəyə cəmləyiblər. Heç biri erməninin soyqırımını təqdir etməyib.
Amma indi məsələ tamam başqa məcraya yönəlib. Düşmən hərəkətlər təqdirəlayiq sayılır. Faciə bax burasındadır.
Əkrəmlə fotoların çəkilməsinə etiraz etdim. Bununla özümü reklam etmirəm. Biri yazmışdı ki, “nəhayət, bizdən də kişi çıxdı”. O biri isə lap uzağa getmişdi: “Biz bu kitabı aparıb ermənilərin başına vura bilərik”. Anlamıram, dünyanın ən yaxşı qadınının erməni qadını olması fikri qabardılan, yaxud, Bakıda ermənilərin öldürülməsi fikirləri vurğulanan kitabı erməninin başına necə vura bilərik?
Əkrəmin fəallaşdırılmasına etiraz edirəm. Bunu ona görə edirəm ki, birdən gələcəkdə Əkrəm kimilərin sayı artar. Heç olmasa qınaq görüb ürəklərində gəzdirdikləri fikirləri reallaşdırmağa cürət etməsinlər. Başa düşsünlər ki, “geridə qalan” mən kimilər də var.
O ki qaldı Əkrəmə. Özünə qarşı belə doğmalığı görəndən sonra yeni “Daş yuxular”ı yazmayacağına zəmanət yoxdur. Bəlkə də artıq yeni kitabını yarıya çatdırıb da. O başıbəlalı kitab da belə yaranmışdı. Heç kim gözləmədiyi halda üzə çıxan “əsəri” indi də təqdir edənlər var. Sayları da çoxalır. Onunla şəkil çəkdirənlərə isə çoxsaylı “like” yığılır. Və hələ dünyanı dərk etməyən, bir ağac əkməyən bəzi gənclər o axını sevirlər. O hərəkətləri, xəyanəti çılğın təbiətlərinə uyğun şəkildə təqdir etmirlər, sadəcə anlamırlar. Çünki bəzilərinin başları hələ boşdur. Nədən bu faciələri yaşamağımızın səbəblərini tarix kitabından açıb oxumağa “gəlin tutmaq”dan və qəlyan çəkməkdən imkanları yoxdur. İmkanları olanda isə ayılacaqlar ki, axına qarşı gedənlər artıq xaricdə yaşayıb kef edirlər. Oradan bura zurna çalırlar.