Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi keçirilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə zərərçəkmiş Elnur Məmmədov çıxış edib. Məmmədov ona 210 min dollar ziyan vurulduğunu bildirib: “Hazırda 144 min dollar borc qalıb. Mən də bu pulu tələb edirəm”.
Məhkəmə istintaqı yekunlaşıb, dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Proses aprelin 6-da davam etdiriləcək.
R.Heybətov isə məhkəmə zalından çıxmayacağını deyib: “Heç yerə getmirəm, gəlin məni həbs edin”.
Növbəti iclasda prokuror çıxışında R.Heybətova cəza istəyəcək.
Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur. E.Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R. Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Hazırda azadlıqdadır.
İstintaq tamamlandıqda isə R.Heybətov yekun olaraq 210 min manat mənimsəməkdə ittiham edilib.
Onu da qeyd edək ki, Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər