“Bakı Forumu bizim üçün önəmlidir. Biz birinci paneldə daha konstruktiv dünyanın qurulması üçün nələr etmək lazım olduğunu müzakirə edəcəyik. Əks halda, dünyamızı müharibələr bürüyəcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu Bakıda bu gün başlayan 5-ci Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunda beynəlxalq ekspert qrupunun rəhbəri, Böyük Britaniya Koventri Universitetinin professoru Maykl Hardi deyib.
O, həmçinin bildirib ki, növbəti panellərdə gənclərdən nələr öyrənə bilməyin yollarından da söhbət açılacaq: “Eyni zamanda, panellərdə miqrasiya məsələləri də müzakirə ediləcək. Çünki insanların miqrasiya məsələləri gündəlik həyatda davam edir. Bu, uzun davam edən müakirələrdir. Bir dəfə müzakirə olunmaqla bitməz. Biz irəli getdikcə vəziyyəti təkmilləşdirməyə çalışacağıq. Ona görə də, Bakı Forumu bizim üçün önəmlidir”.
Qeyd edək ki, Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-dur.
Forum “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” mövzusuna həsr ediləcək.
V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Miguel Moratinos, UNESKO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Nashif, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yousef Al Othaimeen, İSESKO-nun Baş direktoru Abdulaziz Othman Altwaijri, Avropa Şurası Baş katibinin müavini Gabriella Battaini Dragoni Azərbaycana gəlib.
İki gün davam edəcək forum çərçivəsində insan həmrəyliyini yaratmaq və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə yerli insanlara kömək etmək üçün (praktiki strategiya kimi) mədəniyyətlərarası dialoqun rolu öyrəniləcək. Bundan başqa, forumda mədəniyyətlərarası dialoq və insan ləyaqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektoru təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsini hazırlamaq məqsədilə siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında sinerji və tərəfdaşlıq formalaşdırmaq üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü keçiriləcək.
Günel Türksoy
Fotolar: Nuran Məmmədov
Son xəbərlər
Son Xəbərlər