“Afaq Bəşirqızı özü də Sumqayıt Dövlət Dram Teatrı təmir olunduqdan sonra burada tamaşa ilə çıxış edib. Teatrda İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyası təqdim olunub, şəhər rəhbərliyi də, ictimaiyyəti də bu tamaşaya baxıb. Bina ona görə yüksək səviyyədə təmir olunub ki, teatra xidmət eləsin və hesab edirəm ki, edir də”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev xalq artisti Afaq Bəşirqızının teatrla bağlı səsləndirdiyi fikirlərə münasibətində deyib.
O bildirib ki, sadəcə teatrının mart ayına olan repertuarını diqqət yetirmək kifayətdir ki, vəziyyət aydın olsun:
“Misal üçün 9 mart – Vaqif Səmədoğlu, “Mamoy kişinin yuxuları” tamaşasının primyerası olacaq, 10 mart tarixində M.F.Axundzadə, “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası, 16 marttarixində “Kamran Nəzirlinin “Narkoman” tamaşası, 17 mart tarixində Əli Əmirlinin “20 ildən sonra” tamaşası, 20-24 mart tarixlərində Abdulla Şaiqin “Tıq-tıq xanım” tamaşası, 30 martda Nizami Muradoğlunun “Zülmətdə nur” və 31 mart tarixində Hüseynbala Mirələmovun “Vicdanın hökmü” tamaşası göstəriləcək. Bu onu göstərir ki, teatr fəaliyyətdədir və inkişaf edir, heç bir maneədən söhbət gedə bilməz.
Hesab edirəm ki, qeyd olunan məsələ həqiqətə uyğun deyil. Əksinə, İcra Hakimiyyəti teatrın inkişafında maraqlıdır və bu istiqamətdə gördüyü bütün işlər də teatrın, teatrın əməkdaşlarının inkişafına hesablanmış fəaliyyətlərdir”.
Qeyd edək ki, A. Bəşirqızı müsahibəsində teatrların hazırkı vəziyyətindən danışarkən aktyorların Sumqayıt Dövlət Dram Teatrının binasından istifadə edə bilmədiyini söyləyib. Aktrisa vurğulayıb ki, İcra Hakimiyyətinin tədbirləri teatra plan qurmağa imkan vermir.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər